19 Sentyabr 2014 09:01
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə matçdan (0:0) sonra mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, azarkeşlərə və komandasına təşəkkür edən 42 yaşlı mütəxəss oyunda sadəcə qolun çatışmadığını deyib.

- Məncə, bu oyunda qol çatışmadı. Sonadək mübarizə apardıq və hücumda oynamağa çalışdıq. Ən çox razı qaldığım müdafiə xəttimiz oldu. Rəqibin də yaxşı müdafiə xətti vardı. Sadəcə, bir qol çatışmadı. Çox istərdim ki, azarkeşlərimiz də sevinsin. Bu, həm mənim, həm də futbolçularım üçün ilk təcrübə idi. Komandamın hər bir üzvünə və azarkeşlərə minnətdaram. Stadionda bayrağımızın dalğalanması da bizə bir güc idi.

- Qaltye hücum futbolu oynadıqlarını dedi...

- Məncə, hücumda olan tərəf daha çox biz idik.

- Bu oyuna bir xal üçün köklənmişdiniz, yoxsa qələbə?

- Qazandığımız xal bizim xeyrimizədir. Belə əzmkarlıq olsa, 1 xalı 3 xal edərik. İlk növbədə uduzmamağa, sonra da qalib gəlməyə çalışırıq. Bir xalı şişirtmək də istəmirəm. Sadəcə, oyunumuzdan və rəqibə boşluq verməməyimizdən razı qaldım.

- Oyundan öncə komandanızın potensialı haqda nə fikirləşirdiniz?

- Bizim çempionatımız orta səviyyəlidir. Fransa çempionatının komandasına qarşı oynadıqdan sonra bu liqanın potensialını da bildik. Get-gedə daha yaxşı nəticələr göstərməyə çalışacağıq.

- Artıq Avroliqada kifayət qədər oyun keçirmisiniz. Yenə də təcrübəyə ehtiyac hiss edirsiniz?

- 10 il də oynasaq, təcrübəyə ehtiyacımız var. Hər bir futbolçu və məşqçi yeni-yeni fikirlərini ortaya qoyur.

- Müdafiə xəttindən razı qaldığınızı dediniz. Amma arxa xətt oyunçuları müxtəlif sayda səhvlərə yol verdilər...

- Mən rəqibi kifayət qədər ciddi sayıram. Müdafiə təkcə müdafiəçilərdən ibarət deyil, həm də müdafiə xəttindəki oyundur. Top itkisi hər oyunda olur. Belə rəqibə qarşı oyunda itkilər normal haldır. Mənim üçün vacib olanı top itkisindən sonra necə görünmək idi.


Müəllif:

Oxşar xəbərlər