18 Sentyabr 2020 00:25
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli Məmmədov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qalatasaray”a qarşı keçirdikləri oyunu şərh edib.

Teleqraf.com xəbər verir ki, gənc mütəxəssis 1:3 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

- Oyuna çox ciddi hazırlaşmışdıq. Komandamız yaxşı konsentrasiya olmuşdu. Meydana qələbə üçün çıxmışdıq. Amma bu səviyyədə rəqiblər xırda səhvi də bağışlamırlar və bu səhvlərə də məcbur edirlər. Daha diqqətli oynamaq lazımdır. Komandamız çox əzmkarlıq göstərdi, qələbə qazanmaq üçün əziyyət çəkdi. Bu gün etdiyimiz kobud səhvlər məğlubiyyətə səbəb oldu. Artıq diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik.

- Oyunla bağlı planınızın olduğunu demişdiniz. Həmin plan nə idi?
- Rəqibin orta xətti çox güclüdür. Onlara daha yığcam oynamaq və səhvlərdən istifadə edib əks-hücum qurmaq istəyirdik. İlk yarıda 1-2 belə imkanımız oldu. Orta sahə oyunçuları özlərini kompakt hiss etmirdilər, çünki yığcam oynayırdıq. Qurduğumuz plan o idi ki, rəqibin rahat oynamasına imkan verməyək. Bir əks-hücumdan da fərqlənə bilərdik. Bu gün uşaq səhvlərindən uduzduq. "Neftçi"də oynayan futbolçular belə uşaq səhvləri etməməlidir. Həyəcan ola bilər. İkinci hissədə qol vurduqdan dərhal sonra top buraxmaq üzücü oldu.

- İbara start heyətində yer almışdı. Onun oyunundan razı qaldınız?
- Bəli, tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Bir fürsəti də oldu ki, yararlansın, amma Samana ötürmə verdi. Bunu özünə də dedim. Fikrimcə, daha yaxşı oynayacaq.

- Uşaq səhvi edənlərdən biri Aqil Məmmədov idi. Səlahət Ağayevi niyə oynatmırsınız?
- Səlahətin dirsəyində zədəsi var, məşq etmir. Yaxın günlərdə kollektivə qoşulacaq.

- Monrozun oynamamasının səbəbi nə idi?
- Monroz "Sumqayıt"la görüşdə də sonradan meydana çıxmışdı. Zədəli idi. İynə ilə çıxış etmişdi. Bu həftə bizimlə məşq etməmişdi. Qərara aldıq ki, tam müayinə olsun. Həkimlərin dediyinə görə, tezliklə komandaya qoşulacaq.

- "Şkupi" və "Sumqayıt"la görüşlərdə daha kobud səhvlər var idi...
- Sizinlə razıyam. Bilisiniz necə səhvlər deyirəm? Əvvəl komanda müdafiəçilərə yaraşmayan səhvlər edirdilər. Bu gün daha diqqətli oynamağı tapşırmışdıq. Bilirdik ki, top müdafiəçidə, qapıçıda olanda rəqib pressinq edəcək. Belə anda sadə oynamaq lazımdır. "Qalatasaray" dünyanın ən yaxşı pressinq edən komandasıdır. Aqil də, Emin də sadə oynamalı idi. Başa düşürəm, futbolçular topa nəzarət edib hücum qurmaq istəyirdilər. Amma belə komandalara qarşı çox dəqiq oynamalısan. Top səndən 1 metr uzaqlaşdısa, o artıq rəqibindir. Qalib gəlmək istəyiriksə, belə səhvlər etməməliyik. Buna da məcbur edən rəqibin keyfiyyəti idi.

- "Neftçi" bu mövsüm ən yaxşı oyununu keçirdi. Belə çıxır ki, komandada motivasiya çatmır?
- Doğrudur. "Şkupi" ilə oyunda motivasiyalı idik, sadəcə kobud səhvlər edirdik. "Qalatasaray"la matçda əvvəlki səhvləri təkrarlamadıq. Sadəcə ötürmələrdə xırda səhvlər etdik. Bizi "Qarabağ"la çətin oyun gözləyir. Həmin görüşə də meydana qalib gəlmək üçün çıxacağıq.

- Yusuf Laval sanki bu gün daha yaxşı idi...
- Lavalın keyfiyyətlərini bura gəlməzdən əvvəl bilirdim. Həmçinin Sabirin, Talissonun, Renerin də. Lavalın fərdi keyfiyyətləri çox yaxşıdır. Sadəcə, bu futbolçulara bir az zaman lazımdır. Vaxt keçdikdə bu oyunçular da kollektivə tam uyğunlaşacaq. Pandemiya digər komandalar kimi, bizə də təsir etdi. Qarşıdakı oyunlara psixoloji cəhətdən hazır olmağa çalışacağıq.

- Bəzi epizodlarda futbolçular həddən artıq fərdi oynayırdılar. Bu sizin tapşırığınız idi?
- Emin oyunqurucusudur, hücumları qurmalı idi. Bunu bacarırdı da. Sadəcə, ona da, digərlərinə də tapşırılmışdı ki, oyunu risksiz qurmaq lazımdır. "Qalatasaray" isə dünyada top səviyyədə olan komandaya qarşı oynayırdıq. Qapıya yaxın mövqedəki səhvlər bağışlanılmır.

- "Sumqayıt"la görüşdə İbaranı sol cinaha çəkmişdiniz. Bu gün ikinci hücumçunu niyə mübarizəyə qoşmadınız?
- Prins çox yorulmuşdu və sarı vərəqəsi var idi. İkinci sarı almaq riski var idi. Yorğun halda meydanda qalması bir oyunçunu itirməyimiz anlamına gəlir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər