Bu gün futbol üzrə Avropa çempionatında daha iki oyun keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, F qrupunun görüşləri ilə I tura yekun vurulacaq.
Günün ilk matçı Macarıstanda yerli yığma ilə turnirin son qalibi Portuqaliya arasında olacaq. Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.
Digər matçda isə Avropa çempionatının 2 əsas favoriti - Almaniya və Fransa milli komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Münhendəki eyniadlı areanda baş tutacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İki komanda ilk dəfə hansısa böyük turnirin qrup mərhələsində üz-üzə gələcək. Sonuncu dəfə AVRO-2016-nın yarımfinalına təsadüf edən dueldə fransızlar 2:0 hesablı qələbə qazanıblar.
Avropa çempionatı
F qrupu, I tur
20:00. Macarıstan - Portuqaliya
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Budapeşt, "Puşkaş Arena"
23:00. Fransa - Almaniya
Baş hakim: Karlos del Serro Qrande
Münhen, "Münhen Futbol Arenası"