Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Teleqraf.com-un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 5-ci matçında Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.
Azərbaycan millisi oyuna ciddi itkilərlə çıxacaq. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə cəza səbəbindən matçı buraxacaq. Qonaqlarda isə Kriştianu Ronaldu cəzalı olduğu üçün Bakıya gətirilməyib.
Bu qrupun digər oyununda Serbiya səfərdə İrlandiya ilə üz-üzə gələcək.
DÇ-2022, seçmə mərhələ
A qrupu
20:00. Azərbaycan - Portuqaliya
Hakimlər: Marko Quida, Filippo Meli, Alessandro Kostanzo, Fabio Mareska (İtaliya)
VAR hakimləri: Marko Di Bello, Çiro Karbone (İtaliya)
Bakı Olimpiya Stadionu.
Xal durumu: Serbiya - 10, Portuqaliya - 10, Lüksemburq - 6, İrlandiya - 1, Azərbaycan - 1.