UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi futzal üzrə Azərbaycan millisini 5 700 avro məbləğində cərimələyib.
Teleqraf.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna futzalçıların İspaniya və Bosniya və Herseqovina yığmalarına qarşı Avropa çempionatının qrup oyunlarında sarı və qırmızı vərəqələrlə cəzalanmaları səbəb olub.
Pireney təmsilçisi ilə heç-heçə (2:2) başa çatmış qarşılaşmada İsa Atayev, Fineo De Araujo, Ramiz Çovdarov və Vassura xəbərdarlıq alıblar. Bu görüşdəki intizamsızlığın cəriməsi 2 700 avro olub.
Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandanın Bosniya və Herseqovinaya 4:2 hesabı ilə qalib gəldiyi matçda isə Felipinyo qırmızı, Vassura sarı vərəqə görüb. Buna görə milli komanda 3 000 avro cərimə olunub.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 4 xalla 3-cü pillədə başa vuraraq Avropa çempionatı ilə erkən vidalaşıb.