"Hər hansı matçın gedişində reklam xarakterli mətnin səsləndirilməsi normal haldır, burada təəccüblü bir şey yoxdur".
Bu sözləri Teleqraf.com-a idman eksperti Aydın Bağırov dünən “Qarabağ”-“Olimpiakos” oyununun gedişatında şərhçinin ipoteka krediti ilə bağlı reklam mətni səsləndirməsinə münasibət bildirərkən deyib.
Reklamın oyunun qeyri-münasib məqamına düşməsinə gəlincə, Aydın Bağırov hesab edir ki, məsələnin bu qədər böyüdülməsinə tərəfdar deyil: “Hər bir adamın qüsuru ola bilər, eyni ilə şərhçinin. Bununla belə, şərhçinin oyun zamanı reklam xarakterli mətn səsləndirməsi normaldır, çünki televiziyaların gəliri reklamlar hesabınadır”.
Aydın Bağırova görə, bu cür hallara dünya təcrübəsində də rast gəlinir: “Bütün Avropa ölkələrində, Türkiyə, Rusiyada da belə təcrübə var. Burada qeyri-adi bir şey yoxdur”.