Daşkənddəki “uchildiz.uz” portalında “Bakı - birinci Avropa Oyunlarının keçiriləcəyi şəhər” adlı material verilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rus dilində çap edilən məqalədə qeyd olunur ki, birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Məclisində verilib. Avropa Oyunlarının açılışı 2015-ci il iyunun 12-də, bağlanışı isə ayın 28-də olacaq.
Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2013-cü il yanvarın 17-də Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi (TK) yaradılıb və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva TK-nın sədri təyin edilib. 2013-cü il iyulun 12-də TK-nın rəsmi saytı istifadəyə verilib. www.baku2015.com portalında Olimpiya Oyunları ilə bağlı müntəzəm məlumatlar yerləşdirilir.
Teleqraf.com-un məlumatına görə, materialda 2013-cü il fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci iclasının keçirildiyi xüsusi vurğulanır. Həmçinin qeyd olunur ki, həmin il iyunun 25-də Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin ikinci iclası keçirilib və bir sıra mühüm qərarlar qəbul olunub.
Məqalədə Olimpiya Oyunlarına hazırlıqla bağlı görülən işlər haqqında da ətraflı məlumat verilir.