Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qonağı olub.
“A. Le Koq Arena”da oynanılan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib.
Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib. 45+4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil Şeydayev qazanılan penaltini dəqiq yerinə yetirib.
Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdləri bir nəticə verməyib və millimiz seçmə mərhələdə ilk qalibiyyətini əldə edib. Bununla F qrupunda yer alan Azərbaycan yığması xallarının sayını 4-ə yüksəldib. Sonuncu pillədəki Estoniya isə 1 xalda qalıb.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.
20:48
Azərbaycan millisinin oyunçusu Ramil Şeydayev birinci hissəyə artırılan dəqiqələrdə rəqibin qapısına təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirdi.
20:11
Azərbaycan millisinin oyunçusu Toral Bayramov 9-cu dəqiqədə rəqib qapısından kəllə ilə qol keçirdi.
20:00
Tallində Estoniya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin VII tur oyunu başlayıb.
Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
“A. Le Koq Arena”da keçirilən matçı almaniyalı Robert Şröder idarə edir.