Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq.
Teleqraf.com xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Şerif"lə oyun öncəsi mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib:
"Vacib bir oyun üçün Moldovaya gəlmişik. Düşünürəm ki, yaxşı hazırlaşmışıq. "Şerif" ilk dəqiqələrdən üzərimizdə təzyiq yaratmağa çalışacaq. Bununla belə, düşünürəm ki, komandamız buna hazırdır. Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq. Heyətlərinə bir neçə yeni futbolçular cəlb ediblər. Təbii ki, bu da müəyyən dəyişikliklərə səbəb olacaq. Azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər. Sürətli və dinamik görüş izləyəcəyik. Hər iki komanda üçün mövsümün ilk matçı olacaq".
Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" - "Zirə" oyunu iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində baş tutacaq.