2 Avqust 00:35
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnanırdım ki, maksimum gücümüzlə oynasaq, mərhələni keçə bilərik. Səmimi deyim ki, "Makkabi" bu gün bizdən daha yaxşı idi. Bir oyunda favorit olan komandaya qalib gələ bilərsən. Ancaq iki matçda bunu etmək çox çətindir. Oyunçularımı təbrik edirəm, qəhrəmandırlar, aslanlar kimi döyüşdülər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Makkabi"ni penaltilər seriyasında məğlub etdikdən sonra deyib.

Xorvat mütəxəssis komandasının inandığını qeyd edib: “Matçdan öncə komandama inanırdım. Məğlubedilməz komanda yoxdur. "Real" da uduzur”.

Növbəti rəqib haqda sabahdan düşünəcəklərini deyən Renduliç bugünkü görüşdə müdafiədə zəif təsir bağışladıqlarını bildirib: “Müdafiəni sadəcə arxada oynayan futbolçulara bağlamaq istəmirəm. Bütün komanda müdafiə olunmalıdır. Biz bu gün müdafiədə çox pis idik. Ən azından 1 müdafiəçi gətirmək istəyirik. Çünki üç cəbhədə mübarizə aparacağıq. Bu haqda düşünürük”.

O, penaltilər seriyasında beşinci zərbəyə Namik Ələskərovun adını qeyd etməsi ilə bağlı suala belə cavab verib: “Keçən il keçən ildə qalıb. Namikdən soruşdum ki, penaltini vurmaq istəyirsən, “yox” dedi. Ona görə də sonuncu penaltini Boyan Letiç vuracaqdı”.

“Sabah”ın çalışdırıcısı həftə sonu Misli Premyer Liqasının ilk turunda "Şamaxı"ya qarşı səfər matçının təxirə salınmasının mümkün olmadığını söyləyib: “Amma ola bilər ki, evdə oynayaq. Məndən soruşmayın ki, həmin matçda kimlər oynayacaq. Sabah baxacağıq ki, kim yaşayır, kim canlıdır. Məcbur 11 nəfər oynadacağıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər