16 Aprel 2014 23:16
3 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol idman növü olmasına baxmayaraq, onunla bağlı bir çox ədəbiyyat nümunələri yaradılıb. Futbola dair yazılmış 10 kitabıhaqda məlumatı təqdim edirik:

1. “Düşmənə qarşı futbol” (Football Against the Enemy)

Dünyada milyardlarla insanın həyatında futbol azarkeşliyinin danılmaz yeri var. Futbol milli, dini, siyasi mövqeləri ayrı olan insanları birləşdirir. Simon Kuper bu kitabı 22 ölkəyə etdiyi səfərlər əsasında yazıb. O, gəzdiyi hər ölkədə futbola qarşı olan fərqli münasibəti bu kitabda qeyd edib. Kitab 1994-cü ildə çap olunub.

2. “Futbol atəşi” (Fever Pitch – Nik Hornbi)

Bu kiatb çılğın “Arsenal” azarkeşi olan Nik Hornbinin uşaq yaşlarından ahıllıq dövrünə qədər başına gələn maraqlı hadisələr haqda yazdığı kitabdır. Hornbinin 1968-1992-ci illər aralığındakı başına gələn maraqlı əhvalatları əhatə edən kitab çap olunduğu il ən çox satılan kitablardan biri olmuşdur.

3. “Narıncı Brilyant” – Holland futbolunun əsəbi dahiləri (Brilliant Orange: The Neurotic Genius of Dutch Football)

2000-ci ildə Devid Vinner tərəfindən yazılmış kitab, hollandların dünya futboluna gətirdiyi total futbol anlayışından bəhs edir. Vinner bu kitabında hollandların bütün meydança boyu birgə hücuma keçərək birgə də müdafiə olunduqları oyun tərzini cəsarətli oyun kimi qeyd edərək, səksəninci və doxsanıncı illərdə hollandların əldə etdiyi uğurları bu oyun sistemi ilə əlaqələndirir.

4. “Futbol dünyanı necə izah edir?” (How Soccer Explains the World)

Amerikalı yazıçı Franklin Foyer bu kitabında futbola Amerikadan yox, Avropadan baxır. O, öz kitabında Avropada futbola əyləncə növü kimi yanaşdıqlarını, ancaq “Reyncers”-Seltik” qarşılaşmasında azarkeşlikdən daha çox, dini qarşıdurmaların yarandığından bəhs edir.

5. “Top yumrudur: Futbolun qlobal tarixi” (The Ball is round: A Global History Of Soccer)

Devid Qoldblat bu kitabında qloballaşan dünyada futbolun rolu haqqında yazıb. O, müxtəlif ölkələrin fərqli mədəniyyətə sahib olmasına baxmayaraq, məhz futbol sahəsində birləşdiyini qeyd edir.

6. “Qırmızı görmək” (Seeing red)

Keçmiş FİFA referisi olan Qraham Poll tərəfindən yazılmış “Qırmızı görmək” kitabına onun öz avtobioqrafiyası da demək olar. Belə ki, 26 il beynəlxalq dərəcəli hakimlik edərək, 1500-dən artıq oyun idarə etmiş ingilis eks-hakim, 2007-ci ildə karyerasını bitirdikdən sonra bu kitabı yazır. Kitab Pollun oyunları idarə edərkən yaşadığı xatirələrlə bağlıdır. O, bu kitabında oyundan öncə soyunub-geyinmə otağında baş verən hadisələr, meydanda oyunçular arasında baş verən hadisələrdən və özünün oyun idarə edərkən yol verdiyi səhvlərdən yazıb.

7. “İtalyan işi” (The İtalian Job)

Canluka Viallinin Qabriel Markotti ilə birgə yazdığı bu kitabda bir neçə futbol qaydalarına dəyişiklik edilməsini təklif edib. Belə ki, o, oyundankənar vəziyyəti meydançanın son üçdə bir hissəsində qeydə alınmasının tərəfdarı olduğunu vurğulayıb. O, həmçinin kitabında hakimlərin qayda pozuntuları zamanı video təkrara baxması, oyunun hissələrinin vaxtının 45 dəqiqədən 30 dəqiqəyə salınması və oyunçuların zədələnməsi zamanı hakimin oyunun vaxtını dayandırmasının qəbul edilməsinin futbolu daha da gözəlləşdirəcəyini yazıb.

8. “Verona ilə bir mövsüm” (A season with Verona)

Tim Parks 1981-ci ildən İtaliyanın Verona şəhərində yaşayır. O, burada “Verona” klubu, onların İtaliya A seriyasında qalib gəlmələri haqqında yazıb. Tim Parks “Verona” klubunun heyətində qaradərili oyunçuların oynamamasına da mənfi formada
öz reaksiyasını verib. Kitab əsasən, “Verona” klubunun 2000-2001 mövsümündəki çıxışını əhatə edir.

9. “Bekhem sınağı” (The Bakcham Experiment)

Amerikalı idman jurnalisti Qrant Vol bu kitabda Devid Bekhemin “Los-Anceles Qalaksi” klubuna keçdiyi ilk illərdən bəhs edir. Kitab cərimə zərbələrinin mahir ifaçısı olan Bekhemin klubun meydandakı və meydandan kənardakı həyatı haqdadır. 2009-cu ildə çap olunmuş kitabda, həmçinin Bekhemin komanda yoldaşı Lendon Donovan, həyat yoldaşı Viktoria Bekhem, keçmiş futbolçu Ruud Qullit və “Qalaksi”nin prezidenti Aleksi Lalasın fikirlərinə də yer verilib.

10. “Mənim sevimli ilim” (My favourite year)

Nik Hornbi bu kitabında yeni yetişən futbol jurnalistləri haqda yazıb. Bu kitabı bir növ futbol haqqında yazıların kolleksiyası da adlandırmaq olar. Kitab 1993-cü ildə çap olunub.(1937.az)


Müəllif:

Oxşar xəbərlər