Zaqatala şəhər Olimpiya-Idman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası davam edir.
Trend-in məlumatına görə, yarışlar 12 yaşadək idmançılar arasında “B”, 12 yaşdan yuxarı idmançılar arasında isə “A” qrupları üzrə keçirilir.
A qrupunda 4 turdan sonra 4 zəka sahibi aktivinə 4 xal yazaraq zirvəni bölüşürlər. Belə ki, 4-cü turda A qrupunda Rüstəm Bünyatov Ləman Hüseynovanı sınağa çəkib. Görüş 1-0 Bünyatovun xeyrinə başa çatıb. Murad İbrahimli isə Ləman Hacıyevanı məğlub edib. Nurlan Şükürov və Babək Cəfərli qarşılaşması isə ikinci tərəfin xeyrinə başa çatıb. Bu turda aktivinə 4-cü xalı yazmağa müvəffəq olan daha bir şahmatçı Vüsal Həsənzadə olub. Şəhriyar İsgəndərov və Ramin Şəfizadə isə 3.5 xal toplayaraq liderlərdən yarım xal geri qalırlar.
B qrupunda isə 15 şahmatçı 4 oyundan 4 xal toplayaraq 100 faizlik nəticə göstərib.
Olimpiada İsveçrə sistemi üzre 11 turdan ibarət olaraq, FIDE qaydalarına əsasən keçirilir və şəxsi komanda xarakteri daşıyır.
Turnir iyulun 16-də başa çatacaq.