Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Tacikistanda səfərdədir.
Azərbaycan nümayəndə heyəti ilə görüşdə Tacikistanının əmək, miqrasiya və məşğulluq naziri Sumanqul Taqoyzoda ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.
Səlim Müslümov bildirib ki, son 12 ildə 3,4 dəfə iqtisadi artıma nail olan, qeyri-neft sektorunun artaraq ÜDM-də payının 70%-i ötdüyü respublikada 1,5 milyondan çox iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə enib. Bu müsbət proseslər ölkədə orta aylıq əmək haqqının 5,6 dəfədən çox, əhalinin gəlirlərinin 7 dəfə artması, yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə qədər azalması ilə müşahidə olunub.
Tacikistanla müvafiq iş sahələrində təcrübə mübadilələrinin aparılması üçün lazımi işlərin görüləcəyini qeyd edən Səlim Müslümov bununla bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.
Sumanqul Taqoyzoda Azərbaycanda əmək və əhalinin məşğulluğu, o cümlədən gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə görülən işlərin, eləcə də əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulması üçün aparılan islahatların böyük maraq doğurduğunu bildirib.
Görüşün yekununda Səlim Müslümov və Sumanqul Taqoyzoda tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.
Sazişdə tərəflər arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, əhalinin müxtəlif qruplarının məşğulluğu da daxil olmaqla insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi sahələrində əməkdaşlığın həyata keçirilməsi əksini tapıb. Sənəddə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, işsiz vətəndaşların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı, beynəlxalq təşkilatların, maraqlı dövlət orqanlarının iştirakı ilə əmək və əhalinin məşğulluğu sahəsində birgə layihələrin hazırlanması və icrası, digər əməkdaşlıq istiqamətləri də əhatə olunub.
Əməkdaşlıq formaları kimi sazişdə tərəflər arasında müvafiq qanunvericilik, normativ sənədlərin və analitik-informasiya materiallarının mübadiləsi, kadrların texniki-peşə hazırlığı və yenidən hazırlığı sahəsində təcrübə mübadiləsi, ekspertlər arasında məsləhətləşmələrin aparılması, hər iki dövlətin ərazisində keçirilən beynəlxalq tədbirlərdə ekspert və mütəxəssislərin qarşılıqlı iştirakı, tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və təcrübə mübadiləsi məqsədilə ixtisasartırma, həmçinin təlim səfərlərinin təşkili əksini tapıb.
İlhamə ƏBÜLFƏT