24 İyun 2016 20:02
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün davam etdirilməsi (Brexit) ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olmuşdur. Bu ilk növbədə özünü qlobal səhm və valyuta bazarlarında göstərmişdir. Belə ki, bütün əsas səhm indeksləri 5%-dən artıq düşmüş, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10% və 3% enmişdir. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Trend-ə verilən məlumata görə, Fondun hazırda səhm yatırımları ümumi vəsaitlərin təxminən 10%-ə qədərini təşkil edir. Digər 90% isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilmişdir ki, bu aktivlərin dəyəri sabit qalmış və hətta qızılın dəyərində kəskin artım müşahidə olunmuşdur.

Nəhayət valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır.

ARDNF-nin istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırki investisiya portfelinin qorunmasına şərait yaradır.

ARDNF-nin İnvestisiya siyasətinə əsasən Fondun investisiya portfelinin vəsaitinin 50%-i ABŞ dolları, 35%-i Avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10%-i isə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş - Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.


Müəllif:

Oxşar xəbərlər