Fransada Azərbaycanın yeni turizm imkanlarının təşviq edilməsi məqsədilə iyunun 25-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Fransanın Turizm Agentliklərinin Milli Sindikatı (SNAV) arasında anlaşma memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki, anlaşma memorandumunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AZTA-nın sədri Nahid Bağırov və SNAV-ın vitse-prezidenti Riçard Soubelle imzalayıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalanan sənədi iki ölkə arasında turizmin inkişafı baxımından yüksək qiymətləndirib.
“Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Viza sistemi sadələşdirilir. İndi bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkə vətəndaşlarının isə elektron turist vizalarını qısa müddətdə əldə edərək ölkəmizə səfər etmələrinə imkan yaradılıb. Yaxın vaxtlarda isə “ASAN viza” sisteminin işə düşməsi ilə bu sahədə görülən işlər daha da təkmilləşəcək. Belə ki, xarici ölkə vətəndaşları 3 iş günü müddətində viza əldə edə biləcəklər”,- deyə nazir vurğulayıb.
Fransa ilə turizm sahəsində münasibətlərin inkişafı üçün böyük addımların atıldığını söyləyən nazir bu ölkədən Azərbaycana gələn turist səfərlərinin sayının qənaətbəxş olmadığını söyləyib.
Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) vitse-prezidenti Riçard Soubelle ölkəsində fəaliyyət göstərən turizm nümayəndələrinin Bakıya səfərinin məqsədləri barədə məlumat verib. Bildirilib ki, səfərin əsas məqsədi Fransadan Azərbaycana turist səfərlərinin təşkil olunmasıdır: “Bizim əsas məqsədimiz Azərbaycan kimi zəngin mədəniyyətə, tarixə, təbiətə, gözəl memarlıq abidələrinə və qonaqpərvər insanlara sahib bir ölkəni öz vətəndaşlarımıza tanıtmaqdır”.
Vurğulanıb ki, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi nəticəsində yaxın zamanlarda fransalı turistlərin Azərbaycana axını müşahidə olunacaq.
İki ölkənin turizm şirkətləri arasında müzakirələrin aparılmasının da vacibliyi qeyd olunub.