Ötən gün Azərbaycanla İran arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani mətbuat konfransında bildirib ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun birləşdirilməsi çox mühümdür: “Sonrakı mərhələdə Astara-Rəşt dəmir yolunun çəkilməsi vacibdir. Azərbaycan və İran Rəşt dəmir yolu layihəsində 50 faiz olmaqla müştərək iştirak edəcək, bərabər səviyyədə bu layihəni maliyyələşdirəcək”.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov şərh edib.
İqtisadçı deyir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi nəticəsində Azərbaycanla İran 2 qitəni – Avropa ilə Asiyanı birləşdirəcək: “Bu tranzit dəhliz dəmir yolu Şimalla Cənub arasında bir növ körpü rolunu oynayacaq, söhbət təkcə bu və ya digər iki ölkə arasında deyil, məhz regionlar arasında əlaqələrdən və onun gələcək inkişafından gedir. Şimalla Cənub arasında iqtisadi-ticari əlaqələr ən azı Rusiya kimi nəhəng bir ölkə ilə Yaxın Şərq ölkələri arasında qarşılıqlı mal mübadiləsi, daşımalar və ticari əlaqələr demək olacaq.
Azərbaycan üzərindən keçəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı və xərc baxımdan rəqabət qabiliyyətli olacaq. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımalar həyata keçiriləcək. Bu da hər il milyonlarla ton yükün Azərbaycan üzərindən tranziti demək olacaq”.
Pərviz Herydərov deyir ki, ilkin mərhələdə dəhliz vasitəsilə 5 milyon, növbəti mərhələdə isə 10 milyon tondan artıq yük daşınacağı gözlənilir. Region ölkələri bunun xeyrini əyani gördükcə qeyd olunan rəqəm arta da bilər: “Belə bir yolun üzərində yerləşmək və praktik olaraq, alternativsiz tranzit ölkə olmaq Azərbaycana ciddi dividentlər gətirəcək.
Birincisi, bu, milyonlarla xarici valyuta şəklində gəlir demək olacaq. İkincisi, qeyri-neft sektorunun inkişafı üçün əvəzsiz dəstək yaradacaq. Üçüncüsü, regionda nəqliyyat mərkəzinə çevrilmək şanslarını bir az da gerçəyə çevirəcək. Dördüncüsü və bəlkə də ən vacibi Azərbaycanın özünə gələcəkdə Fars körfəzi ölkələrinə asan çıxış imkanı yaradacaq.
Yaxın perspektivdə İran ərazisində Qəzvin-Rəşt-Astara dəmir yolu da tikilib istifadəyə verilsə, bu, real olacaq. Azərbaycanın Orta Asiya və Avropa ölkələrinin Fars körfəzi və Hind okeanına çıxışı, o cümlədən, əks istiqamətdə nəqliyyat daşımalarından illik gəliri 300-400 milyon ABŞ dolları, hətta bir az da artıq olacaq. Qeyd edim ki, Bakının hazırda bütün növ yük daşımalardan gəliri elə bu qədərdir.
Odur ki, Astara-Astara tranzit dəmir yolu dəhlizi Azərbaycan üçün daha çox vacibdir”.
Ekspert deyir ki, İran tərəfi Qəzvin-Rəşt sahəsində infrastrukturun yaradılması üzrə işin 90 faizini yerinə yetirib. Bu istiqamətdə işlərin 2016-cı ilin sonuna qədər tam hazır olacağı gözlənilir.
İlhamə ƏBÜLFƏT