Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısını açıqlayıb. Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 348-dən 328-ə endirilib. Vergi borcuna görə Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərinin icra orqanlarının rəhbərlərinin sayı isə 10 nəfər artırılaraq 486-ya çatdırılıb.
Məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov Teleqraf.com-a müsahibə verib.
-Şahin müəllim, hüquqi və fiziki şəxslərin borcları necə yaranır?
-Vergi borcu vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və ya tam həcmdə yerinə yetirilməməsi nəticəsində yaranır. Vergi borcları vaxtında ödənilmədikdə, bu vergi ödəyicisi üçün məsuliyyətə səbəb olmaqla yanaşı, vergi orqanları tərəfindən bir sıra inzibati tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunur.
Vergi borcunun ödənilməməsi, ilk növbədə, ödənilməmiş vergi məbləğlərinə faizlərin hesablanmasına gətirir.
-Vergi borcu olan insanlara xəbərdarlıq edilirmi?
-Vergi orqanları, ilkin inzibati tədbir kimi, vergi borcu olan ödəyicilərə xəbərdarlıq edir. Vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə vergi ödəyicisinə bildiriş göndərir. Həmin 5 günlük müddət başa çatdıqdan sonra, vergi ödəyicisi öhdəliyi yerinə yetirmədiyi halda, ona qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrasına başlanır.
-Bəs vergi borcu olan adamdan borc necə tələb olunur?
-Borcun tələb edilməsi üsullarından biri vergi borcu olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Yuxarıda qeyd etdiyim 5 günlük müddət başa çatdıqdan sonra, məbləğindən asılı olmayaraq tələb etmə müddəti keçməyən vergi borcu olan fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı tərəfindən şəxsin yaşadığı (olduğu) yer üzrə məhkəməyə ərizə ilə müraciət olunur.
-Hansı müddətdə məhkəmə olur? Vergi borcu olan şəxs şikayət edə bilərmi?
-Həmin ərizədə məhdudlaşdırmaya əsas olan hallar və ərizəçinin xahişi göstərilərək, vergi ödəyicisinə göndərilmiş sonuncu “Vergi borcunun ödənilməsinə dair” bildiriş və onun vergi ödəyicisinə çatmasını təsdiq edən sənədin surəti, vergi ödəyicisi barədə ümumi məlumat, onun şəxsiyyətini təsdiq edən sənəd və həmin tarixə şəxsi hesab vərəqəsindən çıxarış da ərizəyə əlavə olunur. Məhkəmələr tərəfindən vergi orqanlarının müraciətlərinə baxılması qaydası və mexanizmi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə tənzimlənir.
Belə ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə işdə maraqlı olan şəxslərə məlumat verməklə 10 gün müddətində baxılır. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qətnamə qüvvəyə minir və bununla bağlı şikayət verilməsi onun icrasını dayandırmır.
-Bəs, məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra hansı müddətə vergi borcu olan şəxs ölkədən çıxa bilər?
-Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında müvafiq qətnamə qəbul olunduqdan sonra məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqda, yəni vergi ödəyicisinin artıq vergi borcu qalmadıqda, vergi orqanı 2 iş günü ərzində müvafiq ərizə ilə aidiyyəti məhkəməyə müraciət edir və məhkəmə tərəfindən də 2 iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir.
- Şahin müəllim, vergi borcu olan şəxslər arasında məşhur insanlar və şirkət rəhbərləri varmı?
-Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmış və vergi borcu olan fiziki şəxslərin və ya hüquqi şəxsin icra orqanının rəhbərlərinin siyahısı Vergilər Nazirliyinin rəsmi internet səhifəsində mütəmadi olaraq dərc edilir. Onların arasında tanınmış adamlar da olar bilər. Sonuncu siyahıda, məsələn, müğənni Abbas Bağırov da var.
-Abbas Bağırovun nə qədər vergi borcu var?
- Düzü dəqiq bilmirəm. Hardasa 30 min civarında vergi borcu var. Sentyabrın 20-ə olan məlumata görə, 328 nəfər fiziki şəxsin və 486 nəfər hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb. Sözügedən şəxslər tərəfindən vergi borclarının ödənilməməsi davam edərsə, onlara qarşı qanunvericilikdə müəyyən edilmiş digər tədbirlər də görülə bilər.
İlhamə ƏBÜLFƏT