Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsi istiqamətində növbəti mühüm addım kimi "PricewaterhouseCoopers" ("PwC") beynəlxalq audit şirkəti ilə Əməkdaşlıq Memorandumu imzalayıb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, qurum tərəfindən qabaqcıl standartlara uyğun özəlləşdirmə prosesinin reallaşdırılması məqsədilə nüfuzlu şirkətlər, investisiya qurumları və beynəlxalq maliyyə institutlarının prosesə cəlb edilməsi istiqamətində aparılan işlər çərçivəsində dünyanın nüfuzlu dördlüyünə daxil olan beynəlxalq məsləhətçi şirkətlər, o cümlədən “PwC” ilə danışıqlar və qarşılıqlı məsləhətləşmələr aparılıb. Həmçinin digər müstəqil beynəlxalq məsləhətçi və ekspertlərin tövsiyələri, Avropa, Türkiyə və MDB ölkələrinin müsbət təcrübələri də nəzərə alınıb.
"PwC" Azərbaycanda start götürən özəlləşdirmə prosesinə investisiya yatırmaq imkanları olan çoxsaylı potensial investorlar bazasına malikdir. İmzalanmış memoranduma əsasən "PwC" ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkili də həyata keçiriləcək.
Hazırda komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlığın xəritəsi və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır. Özəlləşdirmənin yerli və xarici investorlar üçün daha cəlbedici formada həyata keçirilməsi məqsədi ilə qarşılıqlı məsləhətləşmələrə başlanıb.