“Neftin bahalılığını təmin edən təbii iqtisadi faktorların zəif olduğu indiki situasiyada bazara çevik müdaxilə zəruridir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Natiq Əliyevin "Respublika" qəzetində dərc edilən məqaləsində qeyd edilib.
Nazirin sözlərinə görə, 2016-cı və 2017-ci illər üzrə qlobal iqtisadiyyatda ümumdaxili məhsul (ÜDM) üzrə ölkələrin göstəricilərinə nəzər yetirsək, Çin, Hindistan və Avrozona üçün iqtisadi inkişaf tempinin daha da aşağı düşəcəyini görə bilərik: “Belə ki, Çində ÜDM cari ildəki 6,5 faizə qarşı gələn il 6,1 faiz, Hindistanda müvafiq olaraq 7,5 faizə qarşı 7,2 faiz, Avrozona ölkələrində isə 1,5 faizə qarşı 1,2 faiz təşkil edəcək”.
Nazir qeyd edib ki, proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq: “ 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 milyon 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”.
İlhamə ƏBÜLFƏT