Hökumətlə sıx koordinasiya şəraitində sərəncamındakı monetar alətlərdən istifadə edərək Mərkəzi Bank Maliyyə Sabitliyi Şurasında razılaşdırılmış pul proqramını icra etməklə inflyasiya risklərinə çevik reaksiya verəcək. Pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq, Mərkəzi Bank fəaliyyətini qabaqlayıcı rejimdə həyata keçirməyə çalışacaq.
2017-ci ildə də inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün pul təklifi razılaşdırılmış pul proqramı çərçivəsində məqsədyönlü şəkildə tənzimlənəcək.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında əksini tapıb.
Bəyanatda qeyd olunub ki, pul proqramı pul təklifi kanallarının effektiv nəzarətə götürülməsini təmin edəcək. Mərkəzi Bankda əlaqədar iqtisadi orqanların dəstəyi ilə yaradılacaq likvidliyin monitorinqi və qısamüddətli proqnozlaşdırılması sistemi pul bazasının məqsədyönlü idarə edilməsində mühüm rol oynayacaq.
Tədiyyə balansı tarazlaşma prosesində olarkən (üzən məzənnə bu prosesi dəstəkləyir) inflyasiyanın effektiv idarə olunması, ilk növbədə, sərt pul siyasətini tələb edir. Təcrübə göstərir ki, inflyasiya riskləri şəraitində iqtisadi artımın pul siyasəti vasitəsilə stimullaşdırılması effektli deyil. Bunu nəzərə alaraq, Mərkəzi Bank 2017-ci ildə pul təklifi kanallarını müvafiq pul proqramı vasitəsilə əhəmiyyətli məhdudlaşdıracaq və sərt pul siyasətini həyata keçirəcək.
2017-ci ildə də Mərkəzi Bank özünün likvidlik əməliyyatlarını pul təklifi üzrə razılaşdırılmış hədəf çərçivəsində reallaşdıracaq. Monetar islahatlar və üzən məzənnəyə keçid şəraitində pul bazası monetar siyasətin lövbərini təşkil edəcək.
Gələn il Mərkəzi Bank pul siyasətinin effektiv strateji çərçivəsi olan inflyasiyanın birbaşa hədəflənməsi rejiminin tətbiqinə hazırlıq istiqamətində səylərini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank çevik məzənnə rejiminin tətbiqini davam etdirəcək, pul bazasının pul siyasətinin etibarlı “bələdçisinə” çevrilməsini təmin edəcək, analitik və proqnozlaşdırma potensialı gücləndirəcək, habelə, kommunikasiya və hesabatlığı təkmilləşdirəcək.
Eyni zamanda, maliyyə və kapital bazarı inkişaf etdikcə faiz dərəcələrinin Mərkəzi Bankın pul siyasətinin yeni lövbərinə çevrilməsi imkanlarına da baxılacaq. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı, pul siyasəti dizaynında baş verən qlobal dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyillər daim izlənəcək və bundan asılı olaraq pul siyasətinə zəruri dəyişikliklər ediləcək.
Bəyanatda, həmçinin bildirilib ki, Mərkəzi Bank 2017-ci ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək.
Üzən məzənnə rejimi iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, tədiyyə balansının və iqtisadiyyatın çevik tarazlaşmasını təmin edir, habelə pul siyasətinin pul kütləsi və faiz dərəcələrinə təsir imkanlarını artırır. Eyni zamanda, çevik məzənnə rejimi daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Bundan başqa, yeni məzənnə rejimi valyuta ehtiyatlarının qorunmasını təmin edir.
2017-ci ildə manatın məzənnəsinə başlıca olaraq valyuta bazarında tələb amilləri və onların idarə olunması, o cümlədən idxalın əvəzlənməsi prosesi təsir edəcək. Valyuta bazarında təklifin həcminə isə ixrac potensialının reallaşdırılması təsir göstərəcək.
Növbəti ildə Mərkəzi Bank üzən məzənnə rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədi daşıyacaq. Valyuta bazarının inkişaf etdirilməsi, o cümlədən məzənnə risklərinin tənzimlənməsi alətlərinin inkişafının təşviqi 2017-ci ildə də davam etdiriləcək.