14 Dekabr 2017 11:10
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

FED-in uçot dərəcəsini 0,25-1,25 faiz səviyyəsindən 1,50 faizədək artırması gözlənilən idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, FED öncədən faiz artımının olacağını elan etmişdi: “Bazarlarda və birjalarda sanki bu qərar verilmiş kimi davranılırdı. Çox vacib qərardır. FED verdiyi sözü tutdu və gələn il üçün 3 faiz artım olacağını elan etdi ki, bu da çox ciddi bəyanatdır.

FED-in qərarı dünyada dollar indeksinin artmasına, dollara marağın yenidən güclənməsinə səbəb olacaq. Gələn il dolların əsas dominant valyuta və dəyər qazanan yatırım kimi öndə ola biləcəyi ehtimalı yüksəkdir. Bu, məcburən digər ölkələrin valyutalarına da təsir gösətərəcək ki, dollar indeksinə daxil olan dünyanın əsas valyuta növlərinə qarşı dollar güclənəcək.

Azərbaycana bu qərarın təsiri ətraf ölkələrdə milli valyutaların dəyərdən düşməsi və dolların möhkəmlənməsindən asılı olacaq.

Yəni bu qərar Azərbaycana birbaşa təsir göstərmir, çünki bizim ölkədə qiymətli kağızlar bazarı və hər hansı birja yoxdur. Bizdə məzənnəyə inzibati müdaxilələr daha çoxdur. Mərkəzi Bankla hökumət məzənnəyə inzibati müdaxilələr edir. Bu səbəbdən bizdə vəziyyət bir az fərqli olacaq.

FED-in qərarı o dəqiqə təsir etməsə də, bir müddət sonra qonşu ölkələr vasitəsilə bizə də mütləq təsirləri olacaq. Gələn ilin əvvəlində növbəti faiz artımından sonra dünyada dolların bahalaşması sürətlənən zaman Azərbaycanda da müəyyən dəyişikliklərin olması və dolların güclənməsi ehtimalı yüksəkdir.

Azərbaycanda kəskin devalivasiya olmayacaq. Çünki həm seçki ilidir, həm də neft bahadır. Hökumətin əli daha rahatdır. Valyuta ehtiyatları da artıb. Amma cüzi dəyşikliklər mümkündür. Çünki qonşu ölkələrdə milli valyutanın sürətli ucuzlaşması olacaq. Həm rubl, həm türk lirəsi, həm də Qazaxıstan təngəsində ucuzlaşma gözlənilir”.

Qeyd edək ki, dünən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. FED uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər