10 İyul 2018 20:12
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin dünya iqtisadi böhranının yaratdığı çətinliklərdən sonra hökumətin ölkə iqtisadiyyatının stabilləşdirilməsi istiqamətində atdığı addımlar öz nəticələrini verməyə başladı. Belə ki, 2017-ci il stabilləşmə ili kimi yaddaşlarda qaldı.

Bunu Teleqraf.com-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, ötən ilin sonlarına yaxın və 2018-ci ilin əvvəllərində Prezident İlham Əliyev 2018-ci ilin yüksəliş ili olacağını bir neçə dəfə bəyan etdi:

“Belə də oldu. 2018-ci ilin birinci yarısı artıq geridədir və biz real sektorda çox yaxşı nəticələr əldə edildiyini görürük. İqtisadi dirçəliş səviyyəmiz bizə büdcəmizi dəyişərək onun gəlir və xərclərini artıra bilmək imkanları verdi. Büdcədən əlavə xərclərin həyata keçirilməsi nəticə etibarilə iqtisadiyyatın inkişaf sürətini bir qədər də artırmağa şərait yaradır. Bu gün ölkənin bütün bölgələrində tikinti-quruculuq işləri görülür. Tikinti iqtisadi dirçəlişin ən əsas göstəricilərindən biridir. Ötən dövr ərzində real sektorda ümumi artım 2 faiz təşkil etsə də, onun aparıcı sahəsi hesab olunan qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz arta bildi”.

Bunların yaxşı göstəricilər olduğunu bildirən F.Yusifov hesab edir ki, ilin sonuna doğru bu göstəricilər bir qədər də yaxşılaşacaq:

“Hesabat dövründə ölkənin valyuta ehtiyatları 44,3 milyard dollar çatdı. Neftin qiymətlərinin indiki səviyyəsində bu ehtiyatların ilin sonuna doğru 50 milyard dollar yaxınlaşacağı ehtimal olunur. Bu, Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması demək olacaq. Yarım ildə əldə olunan bu uğurlarda ölkə prezidentinin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə formalaşdırılmış əlverişli biznes mühitinin rolu əvəzedilməzdir. Real sektorda əldə olunmuş uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır. İstənilən investor isə ölkədə investisiya mühiti normal olduqda addım atır. Azərbaycanda bu gün biznes mühit olduqca əlverişlidir. İnvestisiyaların və ixracın təşviqi ilə bağlı qaydaların tətbiq edilməsi isə bu mühiti daha maraqlı edir”.

Qeyd edək ki, iyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda ilin altı ayının yekunları müzakirə edilib, görüləcək işlər haqqında danışılıb. Dövlət başçısı müşavirədə giriş və yekun nitqində ötən 6 ay və qarşıdakı dövrlə bağlı fikirlərini bölüşüb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər