26 Avqust 2014 10:59
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eyyub Hüseynov: “Elektron ticarət subyektlərinin çoxu işə düzəltmə kompaniyaları kimi fəaliyyət göstərir”

Dünyada elektron ticarət geniş yayılıb. Nəhəng şirkətlər, ticarət qurumları bu sahəyə xüsusi önəm verirlər. Elektron ticarət nədir? Vətəndaş evdən, ofisdən çıxmadan, ticarət mallarının alışını və xidmətləri “online” rejimdə, yəni, heç bir alış-veriş mərkəzinə getmədən həyata keçirir. Bura birbaşa nağd ödəniş və ya malın alıcıya çatdırıldıqdan sonra dəyərinin ödənilməsi daxildir. Bəs Azərnbaycanda bu sahədə vəziyyət necədir? Ölkəmizdə elektron ticarətin inkişafına nə mane olur?

Bizim cəmiyyətdə elektron ticarətə münasibət birmənalı deyil. Kimi bu xidmətin üstünlüklərindən, rahatlığından kimisi də “online” mağaza tərəfindən aldadıldığını dilə gətirirlər.

“Şansım yoxdur”

Bakı sakini Eldar Quliyev internetlə reallaşan elektron ticarətdə problemlərin çox olduğunu bildirib: “Bir ilə yaxındır internetdən alış-veriş edirəm. Aliexpress.com, ebay.com kimi sanballı elektron dükanlardan müxtəlif mallar almışam. Mal sizə çatmamış pul dükanda dondurulur, elə ki aldınız, təsdiq edirsiniz, pul satıcıya verilir.

Bu qaydanı elə də ciddi gözləməmişəm, satıcıların çoxu da malını satmaqda maraqlı olduğundan sifarişlərim vaxtı-vaxtında gəlib. Bu yaxınlarda isə pulunu ödədiyim, aldığımı təsdiqlədiyim mal gəlib çıxmadı, hətta satıcının özü yox oldu, yəni fırıldaqçıya tuş gəldim. Pulu geri qaytarmaq şansım isə yoxa bərabərdir. Bir neçə malım hələ gəlib çıxmır".

Ülkər Əkbər isə deyir ki, hər hansı “online” mağazadan hansısa malı əldə etmək ucuz başa gəlir: “Ucuzluq, üstəgəl hazır məhsulu ünvana kimi gətirirlər. Amma nə yalan deyim, mənim üçün bu cür şoppinq etmək maraqsızdır. Mağazaları gəzmək, alacağım şeylərə, əsasən də geyimdən söhbət gedirsə, məsələn, şalvarı əynimə geyinib baxmasam, rahatlığını hiss etməsəm, həmin malı ala bilmərəm. Hansısa məhsulu xaricdən elektron şəkildə əldə etməkdənsə, mala toxunub almağa üstünlük verirəm”.

Məhdudiyyət

Bazar araşdırmaları üzrə mütəxəsis Aqil Nəsiblinin sözlərinə görə, Azərbaycanda elektron ticarət zəif inkişaf edib: “Biz müəyyən təşkilatların statistik hesablamalarına baxsaq, görərik ki, ölkəmizdə elektron ticarət ümumi ticarətin 4 faizini təşkil edir. Halbuki bu rəqəm inkişaf etmiş ölkələrdə Amerikada 80, Avropada isə 60 faizdir. Ölkəmizdə son 10 ildə ”dual up" sisteminin tətbiqi, internet istifadəçilərinin sayının azlığı bu sahədə inkişafın qarşısını alırdı. Bununla yanaşı, ölkəmizdə 5 milyon insanın plastik kartı var. Bu kartların 80 faizi yalnız maaş kartlarıdır və onlarla elektron ödəmələr etmək mümkün deyil. Digər 20 faiz kart isə “online” bazar üçün kifayət etmir".

Ekspert deyir ki, XXI əsrdə yaşadığımızı nəzərə alsaq, elektron ticarət əhaliyə ən sərfəli xidmət vasitəsidir. “İnternet mağazalarda ərazi və vaxt məhdudiyyəti yoxdur. Məhsulların çeşidi isə kifayət qədər müxtəlifdir. İnternet mağazalar vasitəsi ilə sifariş etdiyiniz məhsulun bir başqasının ünvanına çatdırılmasını da təmin etmək olar. Bu zaman məhsulun çatdırılması əlavə ödənişsiz həyata keçirilir.

Hətta bu mağazalar vasitəsi ilə xarici ölkələrdən məhsul sifariş etmək mümkündür. Təbii ki, bu zaman bir qədər gözləmək lazım gəlir. Sifariş olunan mal 20-30 gün müddətinə alıcıya çatdırılır və həmin malın bəyənilmədiyi halda geri qaytarılması tam təmin edilir.

Təbii ki, bu, inkişaf etmiş dünya dövlətlərində belədir. Azərbaycanda isə bu, bir qədər fərqlidir. İnternet mağazalarından alacağınız mallar haqqında əlavə suallar vermək məhdudiyyəti mövcuddur. Sifariş etdiyiniz məhsul sizə çatdırıldıqdan sonra onu geri qaytarmaq və ya başqası ilə əvəzləmək qeyri-mümkündür. Mümkün olduğu halda isə əlavə faiz tutulur".

5-7 gün

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, 2005-ci ildə elektron ticarət haqqında qanun qəbul olunub. Bu qanuna görə, hər bir vətəndaşın aldığı malı 5-7 gün ərzində geri qaytarmaq və yaxud dəyişmək hüququ var. Qaytarılan malın əvəzinə hər hansı cərimənin ödənilməsi qadağandır.

Ekspert deyir ki, Azərbaycanda istehlakçıların aldadılması zamanı dövlət orqanlarının müdaxiləsi zəifdir:

“Xarici ölkələrdə elektron bazar tam liberaldır, istehlakçı nə qədər aldanarsa, orada mükəmməl məhkəmələr var və bu işi qanun çərçivəsində həll edirlər. Vətəndaş həmin şirkəti məhkəməyə verərək ondan yüksək cərimə tələb edə bilər. Məsələn NLR elektron ticarətdən bizə şikayətlər var. Neçə aydır biz bu şikayəti dövlət orqanlarına göndərmişik ki, bu şikayətlər həll olunsun, yəni istehlakçı tələbatını ödəməyən mal geri qaytarılsın. Çox təəssüf ki, hazırda ölkəmizdə elektron ticarət subyektlərinin çoxu ölkədə işə düzəltmə kompaniyaları kimi fəaliyyət göstərir, şəbəkə marketinqi yaradıblar. Əslində isə, bu, elektron ticarətin çərçivəsinə və nüfuzuna zidd bir şeydir.

İlhamə ƏBÜLFƏT


Müəllif: