Bu ilin iyul ayının 1-ə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil edir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, borc vəsaitlərinin 7.7 faizi 10 ilə qədər, 62,0 faizi 10 ildən 20 ilə qədər, 30.3 faizi isə 20 ildən artıq olan müddətə cəlb olunub.
01 iyul 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.8 faiz, ABŞ dolları – 60.6 faiz, avro – 24.3 faiz, yapon yeni – 2.3 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faiz.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib. Həmçinin, cari ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq valyuta bazarlarında uğurla yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1,250.0 milyon ABŞ dollarında vəsait cəlb edilmiş və bununla Azərbaycan dövlət borcunun uzunmüddətli (10 il) gəlirlik əyrisinin bünövrəsi qoyulub.
Naibə