İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Tovuzda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun məqsəd və prinsipləri, əhəmiyyəti barədə tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 100-dən çox sahibkar iştirak edib.
Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd edib ki, yoxlamaların təşkili və aparılması, eləcə də bu sahədə dövlət orqanlarının fəaliyyətinin səmərəli təşkili məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanunun tətbiqi sahibkarlıq sahəsində aparılan yoxlamaların hüquqi baxımdan daha dolğun tənzimlənməsinə, sahibkarların maraqlarının müdafiəsinin daha effektiv təmin olunmasına, əsassız yoxlamaların sayının azalmasına, dövlət nəzarəti tədbirlərinin keyfiyyətinin yüksəlməsinə və ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər Tovuzda sahibkarlıq fəaliyyətinin genişləndiyini, rayonda özəl bölmənin dinamik inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. Bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi və bu barədə sahibkarların maarifləndirilməsi hər bir bölgədə olduğu kimi, Tovuzda da fəaliyyət göstərən sahibkarların hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradacaq.
Daha sonra çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri Rəşad Mustafayev və Fərid Salmanov sahibkarların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik bazası, sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və aparılması ilə bağlı məlumat veriblər. Ədliyyə Nazirliyinin nümayəndəsi Novruz Əşrəfov isə yoxlamaların elektron uçotu, yoxlayıcı orqanların vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi barədə çıxış edib.
Naibə