Elektrikli avtomobillər bazarında rəqabət getdikcə şiddətlinir. Bir sıra ölkə Çinin elektrik avtomobillərinin istehsal imkanlarının üstünlük təşkil etdiyini gördükcə, buna qarşı mübarizə üsulları axtarırlar. ABŞ, Avropa İttifaqı və Kanada Çin idxalına qarşı rüsumları artırıb. Bu ölkələr hesab edirlər ki, Çin elektrikli avtomobillər bazarında ədalətsiz biznes aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin materialında deyilir.
Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Co Bayden Çinin elektrik avtomobillərinə tariflərin dörd dəfə artırılaraq 100, yarımkeçiricilər və günəş batareyalarına rüsumları iki dəfə artırılaraq 50, litium-ion batareyalarına isə 25 faizlik yeni tarif tətbiqinə qərar verib:
“Avropa İttifaqı da Çin istehsalı olan elektrikli avtomobillərin idxalına 36.3 faizə qədər gömrük rüsumunu tətbiq etməyə başlayıb.
ABŞ və Avropa İttifaqından sonra Kanada da Çin istehsalı olan elektrikli avtomobillərə 100 faizlik rüsum tətbiq edib. Ottava avtomobil alıcılarının Çin kimi ölkələrin qeyri-bazar təcrübələrindən əziyyət çəkməməsini təmin etmək üçün müttəfiqi Vaşinqtonla eyni mövqedən çıxış etməyə qərar verib. Ottava ona görə Vaşinqtonla bu sahədə eyni qərarlara üstünlük verir ki, Kanada və ABŞ-ın avtomobil sektorları tam inteqrasiya olunub və bu iki ölkənin tam uyğunlaşması məntiqlidir. Çin son qərarlara qədər Kanadanın ikinci ən böyük ticarət tərəfdaşı olub, bu sahədə hətta ABŞ-ı geridə qoyub. 2023-cü ildə “Tesla” Şanxay istehsalı olan elektrikli avtomobilləri Kanadaya göndərməyə başlayanda Çindən avtomobil idxalı 460 faiz artmışdı.
Kanadanın baş naziri Castin Trüdo ölkəsinin elektrikli avtomobillərlə yanaşı, Çindən idxal edilən polad və alüminiuma 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Tariflər oktyabrın 1-dən etibarən qüvvəyə minəcək. Trüdo qərarında qətidir. Kanada hökuməti Çin istehsalı olan çiplər və günəş batareyaları üçün tarifləri müzakirə edir”.
Təhlildə bildirilir ki, Çin hazırda qlobal istehsal gücünün təxminən 58 faizini ələ keçirərək dünyanın ən böyük elektrikli avtomobil istehsalçısıdır, təkcə 2023-cü ildə 1.5 milyon elektrikli avtomobil ixrac edib:
“Çinli elektrikli avtomobil istehsalçıları dövlətin onlara ayırdığı subsidiyalardan istifadə edirlər. Bu da Çində istehsal olunan elektrikli avtomobillərin ucuzlaşmasına səbəb olur.
ABŞ, Avropa İttifaqı və Kanadanın aldığı qərarlar sayəsində Çinin elektrikli avtomobil istehsalçılarının səhmləri ağır zərbələr alıb. Məsələn, “Tesla” şirkətinin Çindəki zavodunun səhmləri bir gecədə 3.2 faiz ucuzlaşıb”.