“Enagás” şirkəti 16 faizlik pay ilə yeni səhmdar qismində “Trans-Adriatik” (TAP) boru kəməri (TAP) layihəsinə qoşulub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda, həmçinin bildirilir ki, layihənin iştirakçısı olan “Fluxys” şirkəti səhmlərini artıraraq 16 faizdən 19 faizə çatdırıb. Yeni razılaşmaya əsasən “Enagás” və “Fluxys” şirkətləri əvvəllər layihədə “E.ON” şirkətinə məxsus 9 faizlik, “Total”a məxsus 10 faizlik səhmləri əldə ediblər. Hazırda TAP-da səhmdarların pay bölgüsü belədir: bp, SOCAR və Statoil - hər biri 20 faiz, Fluxys - 19 faiz, Enagás - 16 faiz, Axpo - 5 faiz.
TAP layihəsinin icraçı direktoru Kjetil Tungland qeyd edib ki, bu layihə həmişə yeni strateji tərəfdaşlar üçün açıq olub. “Enagás” şirkəti Avropada və Cənubi Amerikada əhəmiyyətli infrastruktur sərmayələri olan böyük qaz şirkəti kimi bu layihə ilə qitənin enerji bazarlarına yeni qaz mənbəyi nəql edəcək. Bu da TAP layihəsinin Avropada strateji mövqeyini gücləndirməyə kömək göstərəcək.
TAP-ın idarə heyətinin sədri Andy Lane isə bildirib ki, artıq gələn ildən boru kəmərinin keçdiyi Albaniyada yolların və körpülərin tikintisinə başlanılacaq.