Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəyinə görə, bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 milyard 870 milyon 300 min manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, rəyə əsasən, bu, ötən il üzrə ümumi daxili məhsulun (ÜDM) 20,7%-i qədərdir. Adambaşıma düşən borc isə 1 675,8 manat (təxminən 1 000 ABŞ dolları) olub. Dövlət borcunun 15 454,7 milyon manatı, yaxud 91,6%-i xarici, 1 415,6 milyon manatı və yaxud 8,4%-i isə daxili dövlət borcunun payına düşüb.
Mövzu ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ruslan müəllim, Azərbaycanın xarici borcu gələcəkdə ölkə üçün hər hansı bir risk formalaşdırırmı?
- Ümumiyyətlə, Azərbaycanın xarici borcu ilə bağlı vəziyyəti Prezident son dövrlərdə keçirilən müxtəlif tədbirlərdə şərh edib. Ötən gün Asiya İnkişaf Bankının prezidenti və bank rəhbərliyinin digər nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı Prezident vurğuladı ki, bu gün dünyanın 150-yə yaxın ölkəsi Beynəlxalq Valyuta Fonduna (BVF) və Dünya Bankına müraciət edərək, yardım istəyib. Lakin Azərbaycan bu dövlətlərin sırasında deyil.
Maliyyə nazirinin çıxışında da qeyd olunmuşdu ki, Azərbaycan beynəlxalq təşkilatlardan minimum dərəcədə kredit almağa üstünlük verir.
- Beynəlxalq maliyyə institutlarından hansı hallarda borc alınır və bu borclar hansı risklər yarada bilir?
- Bu borclar o zaman sərfəli olur ki, çox aşağı faiz dərəcəsi ilə və güzəştli şərtlərlə verilir. Borclar o zaman əhəmiyyətli ola bilir ki, həmin dövrdə ölkə öz məşğul vəsaitlərini başqa istiqamətlərə ayırmadan əlavə vəsait cəlb edib layihələrini reallaşdıra bilir. Tutaq ki, hansısa bir məktəbin, yolun təmiri üçün, yaxud hansısa islahatlarla bağlı vəsait lazımdır.
Bu gün istiqaməti bəlli olan xərclərə dəyilmədən ucuz borc vəsaiti cəlb etməklə həmin işləri cari dövrdə yerinə yetirmək mümkün olur.
Beynəlxalq maliyyə institutlarından alınan kreditlərin digər bir əhəmiyyəti ölkənin nüfuzunu qaldırmaqdan ibarətdir. Belə ki, ölkənin beynəlxalq təşkilatlarla işləmək imkanları genişlənir. Həmçinin maliyyə vəsaitləri ilə yanaşı, idarəetmə texnologiyalarının mövcud islahatlar sahəsində yeniliklər tətbiqini sürətləndirir.
- Xarici dövlət borcun mənfi tərəfləri nədir?
- Dövlət bu vəsaitlərə büdcədə yaranmış defisitin bağlanması üçün gedir. Yəni, xərclər gəlirdən çox olduğu zaman həmin xərcləri də ödəmək üçün bu vəsaitləri cəlb edirlər. Tutaq ki, həmin vəsaitlər beynəlxalq maliyyə institutlarından alınan zaman beynəlxalq aləmdə hər hansı mənfi iqtisadi proses gedir. Bu zaman beynəlxalq reytinq agentliklərində Azərbaycanın kredit və maliyyə göstəriciləri aşağı salınır. Həmin maliyyə institutları bu zaman məlum kreditlərin faiz dərəcələrində, eləcə də digər tələblərdə dəyişikliklər edir.
Adətən bu, ölkəyə sərf etməyən şərtlər olur. Bu, o zaman sərf edər ki, beynəlxalq reytinq agentliklərində Azərbaycanın maliyyə göstəricisi yüksək qiymətləndirilir. Belə olan halda diktəni biz edə bilirik, amma ölkənin şərtləri zəifləyən kimi diktəni həmin maliyyə institutları edir.
Devalvasiyadan əvvəl Azərbaycanın 7 milyard dollardan bir qədər artıq xarici borcu var idi. Manatla ifadədə dövlət borcu 5,6 milyard manat idi. Devalvasiyadan sonra biz artıq 16 milyard manatdan danışırıq. Valyuta ilə alınan borclar valyutanın məzənnəsinin dəyişməsi ilə xarici borcun səviyyəsini də artırır.
- Dövlət alınan xarici borcun idarə olunmasında sərbəstdirmi?
- Bəzən alınan vəsaitlərdə dövlət çox da müstəqil ola bilmir. Borc alır, amma onun xərclənməsi və idarə olunmasında beynəlxalq təşkilatların diqqəti daha çox olur. Bu qurumlar hətta proqramların icraatında şərt qoya bilirlər ki, onların daha çox işlədiyi beynəlxalq təşkilatlar həmin layihələrə cəlb olunsun. Belə olan halda da alınmış borclarda idarəetmə və konsultasiya xərcləri şişir.
Əgər həmin proqrama sərf olunan vəsaiti daxili maliyyə hesabına cəlb edə bilsəydik, bəlkə də həmin idarəetmə və konsultasiya xərcləri o qədər şişməzdi. Ümumiyyətlə, bir sıra beynəlxalq təşkilatlar bu vəsaitləri verən zaman Azərbaycanın iqtisadi islahatlarında bir sıra təkliflərin həyata keçməsi şərtlərin də qoya bilirlər. Bu baxımdan elə dövrlər olur ki, xarici borclar dövlətə sırf edir, elə dövrlər də olur ki, effektiv qiymətləndirilmir.
Xarici borcların çox olması və onun idarə olunması qiymətləndirilməlidir. Effektivliyi aşağı olduğu müddətdə xarici borclanmaya getməkdənsə, daxili maliyyələşməyə getmək daha yaxşıdır.
- Xarici borcun tənzimlənməsi və idarə olunması necə olmalıdır ki, dövlət üçün əlavə yük yaratmasın?
- Risklər düzün hesablanıb idarə olunmalıdır. Təbii ki, cəlb olunmuş vəsaitlərin səmərəli istifadəsinin və şəffaflığın təmini, maliyyə vasitinin xərclənməsində israfçılığın qarşısının alınması, vəsaitin xərclənməsində şişirdilmələrə yol verilməməsi, tenderlərdə müvafiq qurumların qalib olması və ictimai nəzarət kimi məsələlərə xüsusi əhəmiyyət kəsb edir. Həmin nəzarət sistemi yüksək səviyyədə tətbiq olunmalıdır.