10 Oktyabr 2014 12:29
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Statistika Komitəsi rəqəmlər açıqlayıb

Statistika Komitəsi 2014-cü ilin sentyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi ilə bağlı məlumat yayıb. Komitənin rəsmi saytına istinadla Telqraf.com xəbər verir ki, sentyabrın 1-nə olan rəsmi rəqəmə görə, 2014-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak malları və xidmət əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, narın, üzümün, şabalıdın, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində azalma, düyünün, makaronun, mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, limonun, portağalın, bananın, şaftalının, gavalının, qarpızın, yemişin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, kartofun qiymətlərində isə artım müşahidə olunub.

Məlumatda daha sonra bildirilir ki, sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

NİGAR


Müəllif:

Oxşar xəbərlər