"Heç kimin torpağına, suverenliyinə və maraqlarına göz dikmədiyimiz kimi bizə məxsus olan şeylərə də heç vaxt güzəştə getməyəcəyik".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident çıxışında Yunanıstanla yaşanan gərginliyə də toxunub:
"Məlum olduğu kimi, Bizansın mirası Fatih Sultan Mehmet Xanla birlikdə Osmanlı İmperiyasına keçib. Bizansın varisinə belə layiq olmayanlar bu gün avropalıları arxalarına alaraq haqsızlıq, qanunsuzluq və piratçılığın arxasınca getməsi tarixdən ibrət almadıqlarının əlamətidir”.
Prezident qeyd edib ki, Türkiyə Aralıq dənizində də, Egeydə də, Qara dənizi də haqqı olanı alacaq:
"Həmsöhbətlərimizə özlərinə çəki-düzən verməyə və onları məhv edəcək səhvlərdən çəkinməyə dəvət edirik. Artıq Türkiyənin səbri, qətiyyəti, imkanları, cəsarəti sınanacaq bir ölkə olmadığını hər kəsin görməsini istəyirik. Edərik deyiriksə, edirik, qarşılığını da ödəyərik”.
Prezident Ərdoğan siyasətdə, iqtisadiyyatda və hərbi sahələrdə qazanılan uğurların gələcəyə inam aşıladığını da vurğulayıb:
"Qara dənizdə kəşf etdiyimiz təbii qaz ehtiyatı millətimizi uzun müddətdir ehtiyacı olan mənəvi bir mənbə ilə təmin etdi. Bu təbii sərvətdən əldə olunan hər gəlir 83 milyon vətəndaşımızın həyat səviyyəsinin yüksəldilməsində və ölkəmizin hədəflərinə daha sürətli çatması üçün istifadə ediləcəkdir. Ümid edirəm ki, bu uğurumuzu yeni yaxşı xəbərlərlə daha da davam etdirəcəyik”.