24 Sentyabr 2020 16:04
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə dünyanın ümumi qızıl ehtiyatları 35 min tonu keçib.

Teleqraf.com xəbər verir ki, müvafiq hesabatı Dünya Qızıl Şurası açıqlayıb.

Məlumata görə, ABŞ dünyanın qızıl ehtiyatlarının 79 faizinə sahibdir, bu ölkənin ümumilikdə 8 min 133 ton qızıl ehtiyatı var. Almaniya 3 min 363 ton qızıl ehtiyatı ilə ikinci, Beynəlxalq Valyuta Fondu (BVF) 2 min 814 ton qızıl ehtiyatı ilə üçüncü yerdədir.

Maraqlıdır, qızılın 2020-ci ilin əvvəlindən böyük diqqət çəkməsi və sərmayəçilər üçün gəlirli vasitəyə çevrilməsinin səbəbi nədir?

İqtisadçı Natiq Cəfərli bildirib ki, son 20 ildə dünya bir neçə dərin iqtisadi və siyasi böhranla üzləşib: “90-cı illərin sonu 2000-ci illərin əvvəllərində Asiya bazarlarında çox böyük böhran yaşandı və bu dalğa təqribən 2 il davam etdi. Bir çox ölkələrdə iqtisadi tənəzzül baş verdi, böhran əsasən Cənubi Koreyadan başlamışdı. 2008-ci ildə start götürən dünya maliyyə böhranı təqribən 2011-ci ilə qədər davam etdi. 2015-2016-cı illərdə neftin qiymətinin çökməsi növbəti böhran dalğasına səbəb oldu.

Hazırda pandemiya ilə bağlı iqtisadi böhran yaşanır. Yəni tarix üçün çox qısa bir zaman hesab olunan 20 ildə dünya bir neçə dəfə çox ciddi iqtisadi, siyasi böhran yaşadı. Bu da qızıla olan yatırımların, marağın artmasına gətirib çıxardı. Böhran zamanlarında qızıl investorlar üçün həmişə etibarlı liman rolunu oynayıb. Müharibələr, böhranlar həmişə qızılın qiymətinə pozitiv təsir göstərib”.

Ekspert deyir ki, hazırda yatırım kimi qızıla tələbat artıb: “Son 20 ildə bir unsiya qızılın qiymətində 4 dəfədən çox artım müşahidə olunur.

Yaxın 2 ildə qızılın ucuzlaşması mümkün görünmür, əksinə, qiymətlərin artması ehtimalı daha yüksəkdir. Çünki böhran dalğalarının daha da dərinləşəcəyi versiyası çox güclüdür. Pandemiyadan çıxış və bundan sonra dünya iqtisadiyyatının hansı vəziyyətdə olması hələ tam aydın deyil. Dünya iqtisadiyyatında bərpa prosesinin ən yaxşı halda 2023-2024-cü illərə qədər çəkəcəyi gözlənilir. Buna görə də yaxın perspektivdə qızılın qiyməti 2500-3000 dollar koridorunda ola bilər”.

Natiq Cəfərlinin müşahidələrinə əsasən, böhranlar adətən sonda pozitiv dalğalarla əvəz olunur: “İki-üç ildən sonra iqtisadiyyatda sabitləşmə və yeni yüksəliş dalğası mümkündür. Bu zaman yatırımçılar qızılda saxladıqları vəsaiti yenidən nağdılaşdırıb istehsal və xidmət sahələrinə, yeni iş yerlərinin açılmasına, yeni biznes sahələrinə yönəltsələr, bu zaman qızılın qiymətində enmələr müşahidə oluna bilər. Necə ki, 2008-2009-cu illərdə belə olub.

Bu illərdə qızılın bir unsiyasının qiymətində artım oldu, amma bir müddətdən sonra hətta 1000 dollardan da aşağı düşmüşdü. Yaxın perspektiv üçün görünən odur ki, qızılın qiymətində azalma yox, artım ehtimalı yüksəkdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər