Son 20 ildə qida və kənd təsərrüfatı məhsullarının qlobal ticarəti iki dəfədən çox artıb.
Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının qida və kənd təsərrüfatı təşkilatı olan FAO açıqlayıb.
Hesabata görə, qlobal kənd təsərrüfatı məhsulları ticarəti 1995-ci ildən bu yana iki dəfədən çox artaraq 2018-ci ildə 1,5 trilyon dollara çatıb.
Bu artıma dünyanın üçdə birini təşkil edən inkişaf etməkdə olan ölkələrin ixracatı səbəb olub. Qlobal kənd təsərrüfatı və qida ixracatının təxminən üçdə birinin qlobal dəyər zənciri daxilində satıldığı və sərhədləri ən azı iki dəfə aşdığı təxmin edilir.
FAO-nun baş direktoru Qu Donqyu bildirib ki, qlobal qida sisteminin ayrılmaz hissəsi olan bazarlara etibar etməliyik: “Bu vəziyyət istər COVID-19 pandemiyası, istərsə də çəyirtkə istilası və ya iqlim dəyişikliyi səbəbi ilə meydana çıxan böyük axsamalar qarşısında daha vacibdir. Qlobal dəyər zəncirləri inkişaf etməkdə olan ölkələrin qlobal bazarlara inteqrasiyasını asanlaşdıra bilər. Eyni zamanda qida bazarlarımızı sıx birləşdirdikləri üçün davamlı inkişafı təşviq edərək ən yaxşı təcrübələrin yayılması üçün bir mexanizm təqdim edir".
Hesabatda bildirilir ki, qısa müddətdə kənd təsərrüfatının qlobal dəyər zəncirindəki iştirakının 10 faiz artması əmək məhsuldarlığının təxminən 1,2 faiz nisbətində artımı ilə nəticələnə bilər.