“Bakı-Tbilisi-Ceyhan boru kəmərinin səhmdarları arasında həm Fransa, həm də Hindistan var. Ancaq hər iki dövlət öz siyasi oriyentasiyasını Ermənistanı dəstəkləməklə görür. Bu baxımdan qəribə bir situasiya yaranıb. Çox təəssüfedici haldır ki, bu ölkələri təmsil edən şirkətlər də məsələnin mahiyyətini öz ölkələrinin siyasi rəhbərliyinə izah edə bilməyiblər”.
Bunu Teleqraf.com-a erməni silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq cəhdinə münasibət bildirərkən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O bildirib ki, Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və eləcə də Cənub Qafqaz boru kəmərinin çəkilişindən sonra mütəmadi olaraq enerji dəhlizləri yaxınlığında dondurulmuş münaqişənin hər zaman alovlana biləcəyi qeyd edilirdi:
“Heç kəs təhlükədən və münaqişədən sığortalanmayıb. Ancaq nədənsə Avropa və Qərb bunu ciddiyə almırdı. 2020-ci ilin yayında, xüsusən də Tovuz hadisələrindən sonra bu məsələ yenidən gündəmə gəldi. Ermənistan tərəfi and-aman edib, belə bir fikrinin olmadığını iddia etdi. Ancaq oktyabrın 6-da baş verən hadisələr erməni siyasətinin birbaşa Azərbaycanın enerji arteriyalarına hədəfləndiyini sübut etdi.
Ermənilərin məqsədi aydındır, Azərbaycanı gəlir mənbəyindən məhrum etmək... Ancaq bu, təkcə Azərbaycanın bir müddət ixrac potensialının qarşısını almaq məsələsi deyil. Bu, həmçinin Azərbaycanın neft və qaz boru kəmərlərindən Qərbdəki və digər ölkələrdəki enerji istehlakçılarının stabil təminatının qarşısını almaqdır”.
Ekspert hesab edir ki, dünya ictimaiyyəti enerji daşıyıcılarının nəqletmə yollarında hər hansı bir təhlükə yarandığı təqdirdə adekvat addımlar atmalıdır:
“Beynəlxalq ictimaiyyət gələcək fəsadların qarşısının alınmasında öz sözlərini deməlidirlər”.