13 Oktyabr 2020 16:31
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər erməni kiber qruplaşması guya Azərbaycan istifadəçilərinin bank məlumatlarını ələ keçirdikləri barədə həqiqətə uyğun olmayan informasiyalar yayır. Ermənilər guya kiberhücumlar nəticəsində Azərbaycan banklarını çökdürüblər.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) adından saxta məktublar göndərdiyini qeydə alıb. Nazirlikdən verilən məlumata görə, "Telegram", "WhatsApp" və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və ETX tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir. ETX vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır.

Maraqlıdır, Azərbaycanın bank sistemi kiberhücumlardan necə qorunur?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-a bildirib ki, bütün dünya ölkələrindəki bankların kiberhücumlara qarşı tam təminatı yoxdur: “Vaxtaşırı bütün banklar kiberhücumlara məruz qalır. Adətən, banklar bunu etiraf etmirlər. Çünki etiraf bankın müştərilərini qaçırda bilər. Faktiki olaraq banklar o itkiləri öz hesablarına müştərilərinə qaytarır”.

Ekspertin qənaətincə, Azərbaycan banklarının kiberhücumlara qarşı tam təminatlı olduğunu demək olmaz: “Təbii ki, Azərbaycan bankları dünyanın aparıcı bankları kimi təhlükəsiz ola bilməzlər. Yəni yerli bankların kiberhücumlardan qorunmaq üçün metodları və texnologiyaları elə də güclü deyil. Əlbəttə, risk var. Amma düşünmürəm ki, erməni hakerləri belə güclü olub azərbaycanlıların bank hesablarını dondursunlar və yaxud nələrsə etsinlər. Yəqin ki, banklarımız öz tədbirlərin görüblər.

Hər bir halda bank müştəriləri də bilməlidir ki, bir hadisə baş verərsə, onların itkilərini bank qaytarmalıdır. Yəni, bu, müştərilərin yox, bankların problemidir”.

Əkrəm Həsənov deyir ki, banklar indiki dövrdə daha ehtiyatlı olmalıdırlar: “Hesablar üzrə müəyyən məhdudiyyətləri artırmalıdırlar. Gündəlik pul çıxarılma məbləğinə müəyyən limitlər qoyula bilər ki, belə hallardan qorunsun.

Ermənilər hazırda o hayda deyillər ki, durub Azərbaycan banklarından pul çıxarmaqla məşğul olsunlar. Bu, sadəcə iqtisadi təxribatdır. Ermənistan tərəfi belə məlumatları ona görə yayır ki, Azərbaycan əhalisi narahat olsun və bank hesablarındakı pullarını çıxarsınlar.

Vətəndaşlarımıza tövsiyə edirəm ki, bu cür addımlar atmasınlar. Onlar üçün heç bir təhlükə yoxdur, hətta nəsə olsa belə, bank pullarını qaytaracaq. Sadəcə Azərbaycanın iqtisadi qüdrətinə, bank sisteminə müəyyən zərər vurmaq üçün edirlər. Hətta bu gün kimsə gedib banklardan əmanətləri çıxarsa belə, Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var və bunun hesabına bank sisteminə dövlət dəstək ola bilər”.


Müəllif: Yeganə Oqtayqızı