“Müharibənin başladığı tarixdən iki ay müddətində Ermənistan milli valyutası 6-7 faiz dəyər itirib”.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş analitiki Günay Quliyeva deyib.
O bildirib ki, İİTKM-nin iki ay əvvəlcədən proqnozlaşdırdığı kimi, erməni dramının devalvasiyası başlayıb:
“Ermənistanın xarici valyuta ehtiyatlarında da yüksək azalma müşahidə edilib ki, möhkəm valyuta ehtiyatları 2,278 milyard dollara qədər azalıb. Azalma 2019-cu ilin oktyabr ayı ilə 2020-ci ilin eyni ayının müqayisəsində 7,4 faiz olub. 2020-ci il yanvar-oktyabr ayları ərzində ümumi azalma 19,9 faiz təşkil edib.
Ermənistanın Mərkəzi Bankının qızıl və SDR (Special Drawing Rights) nəzərə alınmadan ümumi valyuta ehtiyatları 1,8 milyard dollara düşüb.
Yalnız 2020-ci ilin oktyabr ayında xarici valyutadakı aktivlər 5,3 % azalıb, SDR-nin Beynəlxalq Valyuta Fondundakı payı 0,3%. əhəmiyyətsiz dərəcədə artıb.
Ermənistan Milli Statistika Xidmətinin son məlumatlarına istinadən sürətlə yayılan COVID-19 pandemiyası və Azərbaycanla 6 həftəlik müharibədən sonra 2020-ci ilin üçüncü rübündə ÜDM-də ötən illə müqayisədə 9,1 faiz, ötən ilin eyni dövrü müqayisədə isə 13,7 faiz daralma müşahidə olunub. Bu, 2009-cu ilin üçüncü rübündən bəri iqtisadi fəaliyyətdəki ən kəskin daralma idi. İqtisadi daralmadan ən çox təsirlənən sektorlar tikinti (-39,5 faiz, birinci rüblə müqayisədə -12,1 faiz), dövlət idarəetmə sektorları (-52,4 faiz, birinci rüblə müqayisədə -3,1 faiz), su təchizatı (-37,3 faiz, birinci rüblə müqayisədə -28,4 faiz), nəqliyyat və saxlama (-32,9 faiz, birinci rüblə müqayisədə-8,7 faiz), topdansatış və pərakəndə ticarət (-19,9 faiz, birinci rüblə müqayisədə 1 faiz) sektorlarıdır”.
Analitik Ermənistan Mərkəzi Bankının məlumatına istinadən bildirib ki, 2020-ci ilin ikinci rübündə cari hesablar balansının mənfi saldosu 143,56 milyon ABŞ dolları təşkil edib: “Ermənistanın 1991-ci ildən bəri fasiləsiz davam edən cari əməliyyatlar balansındakı defisit xroniki xarakter daşıyır.
Ermənistan iqtisadiyyatında hökm sürən əkiz kəsirlər - büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsir də Ermənistan milli valyutasına təzyiq göstərən əsas amillərdəndir.
Digər tərəfdən, turizm sektoru Ermənistanın ÜDM-in 11.8 faizini formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12.5 faizi məhz bu sektorda çalışır. Keçən illə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi 2020-ci ilin ilk altı ayı ərzində 90 faizdən çox azalıb. Bu da öz növbəsində Ermənistana gətirilən xarici valyutaların kəskin surətdə azalmasına gətirib çıxarıb”.
Ekspert onu da qeyd edib ki, Ermənistanın dövlət borcu 2020-ci ilin ikinci rübündə 3.7 trilyon drama yüksəlib: “Hökumətin 2020-ci il üçün dövlət büdcəsi layihəsində xarici borcun ümumi daxili məhsulun (ÜDM) 49,5 faizinə enəcəyi proqnozlaşdırılmışdı. Lakin gözləntilərin əksinə xarici dövlət borcu daha da artaraq ÜDM-in 66,5 faizinə bərabər olub.
Ermənistan iqtisadiyyatına vurulan digər zərbə birbaşa xarici investisiyalarla (BXİ) bağlıdır ki, 2020-ci il Dünya İnvestisiya hesabatına əsasən Ermənistan iqtisadiyyatına 2019-cu ildə qoyulan xarici sərmayə cəmi 254 milyon dollar olub. Müqayisə üçün bildirək ki, bu, Azərbaycana qoyulan sərmayədən 6 dəfəyə yaxın aşağıdır”.
Günay Quliyevanın qənaətincə, müharibənin Ermənistanın investisiya mühitinə mənfi təsiri qaçılmazdır, növbəti ildə də uzunmüddətli azalma davam edə bilər:
“2019-cu ildə yerli birbaşa investisiya axınları cəmi 99 milyon dollar (2018-ci ildə 230 milyon dollar, 2017-ci ildə 193 milyon dollar) olub. Yerli investisiyaların da həcmində kəskin azalma müşahidə olunur.
Milli valyutanın dəyərinin dəyişməsi struktur və mövcud iqtisadi gözləntilərə əsaslanır. Hazırda Ermənistan iqtisadiyyatında milli valyutanın sürətlə dəyərdən düşməsi hər iki faktoru özündə birləşdirir. Hərbi, siyasi və iqtisadi qeyri-sabitlik əhalinin əhval ruhiyyəsinə mənfi təsir göstərib və alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Digər tərəfdən, əhalinin iqtisadiyyatın mənfi ssenarilərinə hazırlaşması, iqtisadi reallıqlara qarşı sığortalanma arzusu əldəki mövcud milli valyutanı da xarici valyutalara dəyişməyə, milli valyutalarda olan depozitlərini geri götürməyə və ya mövcud depozitlərini xarici valyutaya konvertasiya etməyə sövq edir. Bu da milli valyutanın sosial təzyiq nəticəsində dəyərsizləşməsini daha da sürətləndirir.
Milli valyutanın devalvasiyası özü ilə bərabər digər mənfi sosial-iqtisadi nəticələrə də səbəb olacaq. Dolların dəyərinin Ermənistan dramına nisbətən bahalaşması, domino effekti ilə istehlak mallarının qiymətinin də artmasına səbəb olacaq. Bu qısa müddətdə idxaldan asılı Ermənistanın istehlak bazarında inflyasiyaya və əhalinin həm yerli, həm xarici məhsullarda alıcılıq qabiliyyətinin kəskin düşməsinə səbəb olacaq. Ermənistanda 2020-ci ilin yanvar-oktyabr aylarında daxili ticarət 2,3 trilyon dram səviyyəsinə düşüb (bir əvvəlki ilə nisbətən 12.5 faiz azalma), əvvəlki aya nisbətən isə bu göstərici 13.4 faiz azalıb.
İnflasiyanın qarşısını almaq üçün Ermənistan hökuməti valyuta bazarına intervensiya siyasətindən istifadə edə bilər ki, bu da öz növbəsində Mərkəzi Bankın rezervlərinin azalmasını şərtləndirəcək.
Valyuta bazarında və ümumən Ermənistan iqtisadiyyatında baş verən proseslər daha böyük katastrofik nəticələrə işsizliyin, yoxsulluğun kəskin surətdə artmasına, qiymətlərin sürətlə artmasına, kiçik biznesdə nağd pul çatışmamazlığına və sonda büdcə proqnozlarının yerinə yetirilə bilməməsinə gətirib çıxara bilər. Bu milli valyuta ilə bərabər Ermənistan iqtisadiyyatının dramatik sonu ola bilər”.