“Qarabağda yaşayışın yenidən təmin olunması ilə əlaqədar ölkədə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılacaq. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri yaxından iştirak edəcək. Müharibə dönəmində Azərbaycanın haqlı mövqeyini müdafiə edən, beynəlxalq hüquqa hörmətlə yanaşan ölkələrin şirkətlərinin prosesə cəlbi həm ümumi işin keyfiyyətinə, həm də onun daha qənaətli icrasına səbəb olacaq”.
Bu sözləri Teleqraf.com-a iqtisadçı Xalid Kərimli deyib.
İqtisadçı bildirib ki, Azərbaycanın qarşısında bir sıra vacib məqsədlər dayanır: “Qarabağın sürətli bərpası və orada yaşayışın təmini, həmçinin bərpa prosesinin keyfiyyətli və qənaətli şəkildə həyata keçirilməsi vacib məqsədlərdəndir. Yenidənqurma və bərpa prosesi ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaq.
Bildiyimiz kimi, tikinti və ticarət iqatisadiyyatın inkişafının qaranquşlarıdır, ilk olaraq canlanma bu sahələrdə yaranır. Yenidənqurma işləri kompleks proses olacağına görə ölkədə ümumi canlanma yaranacaq, gəlir axını güclənəcək. Quruculuqdan sonra yaradılmış biznes obyektlərinin rentabelli işləməsi isə həm ölkəyə əlavə dəyər gətircək, həm də məşğulluq problemlərini həll etməklə sosial vəziyyəti yaxşılaşdırcaq”.
Analitik hesab edir ki, xarici şirkətlərin yenidənqurma və bərpa işlərinə cəlbi bir neçə səbəbdən vacibdir: “Yenidənqurma işlərinin miqyasca çox böyük olacağı proqnozlaşdırılır. Buna görə də tək ölkə şirkətlərinin resursları hesabına bu işlərin görülməsi uzun zaman tələb edər. Xarici şirkətlərin cəlbi tender proseslərində ədalətli qiymətlərin formalaşmasına imkan verə bilər. Tenderlərdə nə qədər çox şirkət iştirak edirsə, bir o qədər çox təkliflər verilir, müqayisə imkanları genişlənir.
Ölkəyə gələn şirkətlər özləri ilə yeni texnologiyalar, ənənələr, sistemlər, yanaşmalar və tərzlər gətirir. Yeni sahibkarlıq və rəqabət mədəniyyəti formalaşdırırlar ki, bu da sonradan ölkə sahibkarlığına mühüm töhvə vermiş olur”.
Xalid Kərimlinin qənaətincə, yenidənqurma prosesinə cəlb olunacaq ölkələrin siyahısı genişdir: “Müsbət haldır ki, İkinci Qarabağ savaşında Azərbaycana dost ölkələr düşmən ölkələrdən çox oldu. Bu sıraya Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna, İsrail, Gürcüstan, İran, İtaliya, İngiltərə, Qoşulmama Hərəkatının məlum üzvlərini əlavə etmək olar.
Təbii ki, müharibə Azərbaycanın düşmənlərinin siyahısının da dəqiqləşdirilməsinə şərait yaratdı. Bu ölkələrin şirkətlərinin bərpa işlərindən kənarda qalması onların potensial qazancdan mərhum etdi.
Bundan əlavə, Azərbaycan Qafqazın əsas iqtisadi güc mərkəzidir, onunla yaxşı münasibət formalaşdırmadan regionun bazarında fəaliyyət göstərmək qeyri-mümkündür və səmərəsizdir. Biz təkcə bu bərpa prosesində deyil, həm də gündəlik alış və istehlak prosesində də dost olmayan ölkələrin məhsullarından imtina etməliyik. Sadə vətəndaşlarımız iqtisadi vətənpərvərlik nümayiş etdirməli, sahibkarlarımız bu ölkələrdən etdikləri idxalı alternativlərlə əvəzləməlidirlər”.