21 Yanvar 2021 20:27
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TANAP-dan 2020-ci ildə 4,9 milyard kubmetr olmaqla bu günədək təxminən 9,1 milyard kubmetr qaz axını reallaşıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez deyib.

Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında tarixə söykənən qardaşlıq münasibəti var: “İki ölkə arasındakı texnologiya, təhsil və enerji məsələləri başda olmaqla yeni layihələrin müzakirə edildiyi bir masa hazırlanır. Qarşılıqlı etimada əsaslanan, uzunmüddətli və genişmiqyaslı sərmayə tələb edən layihələri qətiyyətlə həyata keçiririk. Bütün bu layihələrin beynəlmiləlləşməsi bir başqa uğur göstəricisidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum Təbii Qaz Boru Kəmərlərimiz dövrün ən əhəmiyyətli əsərləri olaraq ortaya çıxıb. Bu layihələr uğurla həyata keçirildikcə birliyimiz gücləndi və qardaşlığımız möhkəmləndi”.

Fatih Dönmez sözügedən layihələrin davamında TANAP-dan qaz axınının başladığını xatırladıb: “TANAP bir tərəfdən ölkəmizin təbii qaz təchizatı təhlükəsizliyinə çox əhəmiyyətli bir töhfə verərib, digər tərəfdən, Avropanın tədarük təhlükəsizliyinin açarı olub. TANAP-da 2020-ci ildə 4,9 milyard kubmetr olmaqla bu günədək təxminən 9,1 milyard kubmetr qaz axını reallaşıb. TAP-la birlikdi TANAP-ın və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq”.

Nazir Türkiyənin keçən il idxal etdiyi təbii qazın 24 faizinin Azərbaycandan təmin olunduğunu açıqlayıb: “Azərbaycanın təbii qazı həm güvənlə istifadə edilir, həm də bu qaz beynəlxalq bazara təqdim ediləcək layihələrdə tərəfdaşlıq edir”.

Dönmez 2020-ci ilin sonlarında imzalanan Türkiyə-Naxçıvan qaz kəməri layihəsində işlərin tam sürətlə davam etdiyini də vurğulayıb: “Məqsədimiz Naxçıvana fasiləsiz və təhlükəsiz bir şəkildə təbii qaz tədarük etməkdir. Ümumi uzunluğu 85 kilometr olan bu xətlə illik 500 milyon kubmetr qazını Naxçıvana nəqli planşadırılır. Bu, bölgədə yaşayan Azərbaycan türklərinə böyük rahatlıq verəcək. Naxçıvan sənayesi isə təbii qazın atəşi ilə dirçələcək”.


Müəllif: Yeganə Oqtayqızı