22 Yanvar 2021 15:27
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Azərbaycanın 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427 000,0 min manat, xərcləri 28 543 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 24 621 550,0 min manat, yerli gəlirləri 805 450,0 min manat, mərkəzləşdirilmiş xərcləri 27 683 368,0 min manat, yerli xərcləri 859 632,0 min manat) məbləğində təsdiq edilib.

İqtisadçı-ekspert Xalid Kərimli Teleqraf.com-un sualların cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Xalid bəy, 2021-ci ilin dövlət büdcəsini necə qiymətləndirirsiz? Sizcə, bu ilin büdcəsi necə olmalıydı?

- 2021-ci ilin dövlət büdcəsi mövcud sosial-iqtsadi vəziyyəti özündə əks etdirən və dövlətin prioritetlərini reallaşdırmağa xidmət göstərən maliyyə planıdır. 2020-ci ildə həm dünya, həm də Azərbaycan iqtisadiyyatı 4%-dən çox kiçildi. Kiçilməyə və ölkənin əsas gəlir mənbəyi olan neft qiymətlərinin ortalama 35% ucuzlaşmasına baxmayaraq rezervlər azalmadı, qorundu.

2020-ci ildən fərqli olaraq 2021-ci ildə iqtisadi artım olacağı gözlənilir. Bu artımın təmin olunmasında dövlət büdcəsinin də rolu aparıcı olacaq.

Cari ildə dövlət büdcəsinin həll etməli olduğu problemlərin sırasına COVID-in yaratdığı çağırışlarla mübarizə və Qarabağın bərpası ilə əlaqədar ciddi investisiya layihələrinin maliyyələşdirilməsi də daxildir. Dövlət büdcəsinin gəlirlərinin hələ də böyük hissəsinin neft sektorundan formalaşması narahatedici məqam olaraq qalır.

Büdcə gəlirlərinin 54,2 faizinin neft sektorundan, ondan 88,6 faizinin isə birbaşa Neft Fondundan transfer edilməsi büdcənin cari xərclərinin qeyri-neft sektoru hesabına maliyyələşdirilməsi kimi strateji hədəfin hələ də uzaqda olduğunu göstərir.

- Bu il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 ABŞ dollarından (ötən illə müqayisədə 5 dollar çox) götürülüb. Bu, Neft Fondundan büdcəyə transferti artırırmı? Ümumiyyətlə, hər hansı riskdən söhbət gedə bilərmi?

- Neftin ortalama qiymətinin 2020-ci ilin əvvəlindəki qiymətlə müqayisədə təxminən 35% azalması ölkə üçün ciddi təhlükə formalaşdırmışdı. Bunun da əsas səbəbi 2020-ci ildə dünyanı ağuşuna alan pandemiya karantinlərinin nəticəsində neftə olan tələbatın kəskin aşağı düşməsi olmuşdu.

Bu ilin büdcəsində neftin qiyməti 40 dollar olaraq götürülüb. Hazırda “AzeriLight” markalı neftin qiyməti 55 dollar ətrafındadır. Həm investisiya banklarının, həm nüfuzlu enerji agentliklərinin 2021-ci ilə olan neft proqnozları ortalama neft qiymətlərinin 45-60 dollar arasında formalaşacağını deyir. Nüfuzlu qurumlar tərəfindən ən pessimist proqnozlar belə, neftin ortalama qiymətinin 40 dolların üzərində bərqərar olacağını deməyə imkan verir. Bu baxımdan neft qiymətlərinin büdcədə 40 dollardan götürlməsi riskli deyil, hətta ehtiyatlıdır.

Nəzərə alsaq ki, həm OPEC-in, həm də Beynəlxalq Enerji Agentliyinin 2021-ci ildə neftə olan tələbatın tədricən bərpa olunacağına, günlük tələbatın 96-97 milyon barelə çatacağına dair proqnozları var, onda neftin kəskin ucuzlaşmayacağı daha böyük ehtimal olunandır. OPEC+ ölkələrinin bazarı tənzimləmə təşəbbüslərindən ayrılmaması, Səudiyyə Ərəbistanın yüksək neft qiymətlərinə olan marağını ardıcıl şəkildə müdafiə etməsi neft bazarına olan ümidləri artırır.

Hətta neft qiymətləri ortalama 40 dollar yox, 35 dollar olarsa belə, bunun büdcə gəlirlərinə təsiri 1,3%-dən çox olmayacaq. Bu rəqəm isə katastrofik deyil, idarə olunandır.

Qaldı ki, neft qiymətlərinin ötən illə müqayisədə 5 dollar çox proqnozlaşdırılmasının büdcəyə tranfertlərin artırılması məsələsinə, burada proses başqa qaydada gedir. Qeyd etdiyimiz kimi, büdcə gəlirlərinin 54,2% neft sektorundan daxil olur, bunun da 88.6%-i birbaşa Neft Fondundan daxilolmalar əsasında formalaşır. Yerdə qalan 11.4%-i isə neft sektorundan toplanan vergilər hesabına yığılır.

Deməli, neftin qiymətinin pessimist və ya optimist proqnozlaşdırılması birbaşa olaraq yalnız neft sektorundan toplanan vergilərin həcminə təsir edir. Bu isə planlaşdırılan büdcə gəlirlərinin yalnız 6.8%-nə birbaşa təsir edir.

Neftin qiymətlərinin yüksək və ya aşağı proqnozlaşdırılmasının Neft Fondunun rezervlərinə təsiri isə daha əhəmiyyətlidir. Bu proqnoz Neft Fondunun planlaşdırılan defisitinin və ya profisitinin çox və ya az olmasını şərtləndirir. Əgər 2021-ci il üzrə neftin ortalama faktiki qiymətləri planlaşdırılan 40 dollarlıq həddən yüksək olarsa, Neft Fondunun planlaşdırılan kəsiri 4.2 milyard manatdan az, əksinə neftin faktiki qiymətləri planlaşdırılan 40 dollarlıq həddən aşağı olarsa, Neft Fondunun cari il üzrə kəsiri daha yüksək ola bilər.

Hazırki gözləntilər çərçivəsində neft qiymətlərinin cari ildə daha yüksək olacağını qeyd etməyə imkan verir. Bu da hökumətə zəruri hesab edərsə, il ərzində büdcəni dəqiqləşdirməyə və Neft Fondundan daha çox vəsait transfer etməyə imkan verə bilər.

- Büdcəyə ayrı-ayrı parametrlərdən baxsaq gələn ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik sahəsinə 4 milyard 585 milyondan çox vəsaitin ayrılması nəzərdə tutulur. Sizcə, hərbi büdcənin artırılması məntiqlidirmi?

- Dövlətin yaranma tarixinə və mənşəyinə baxsaq, burada əsas amilin təhlükəsizlik və hərbi məsələlər olduğunu görərik. Təhlükəsizlik və ordu həm də kifayət qədər konfidensiallıq tələb edən məsələdir. Burada konfidensiallıq həm də milli təhlükəsizlik və suverenlik baxımından vacibdir. Bu nöqteyi-nəzərdən müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan büdcəni az və ya çox olduğuna iddia etmək doğru deyil. Büdcənin artırılmasının ilkin əsasları mövcuddur:

Ölkənin qısamüddətli olsa da, miqyaslı və müasir müharibədən çıxması, həm silah ehtiyatlarının bərpası və yenilənməsinə, həm də işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik və müdafiə infrastrukturunun yaradılmasına vəsait tələb olunur.

Ölkə rəhbərliyinin elan etdiyi kimi, ordunun ən müasir formada yenidən təşkili və NATO üzvi olan Türkiyə ordusunun daha kiçik modelinin yaradılması istiqamətində işlər aparılır. Müharibə həm də hansı silahların effektli, hansıların effektsiz olduğunu nümayiş etdirdi. Bu baxımdan ordunun silahlanması təkmilləşmiş surətdə davam edəcəyi gözlənilir.

Məğlub olmuş düşmənin revanşist qüvvələri güclüdür və məğlubiyyəti həzm etməyənlərə qarşı ən yaxşı preventiv üsul güclü, müharibəyə hər an başlamağa hazır olan ordunun olmasıdır.

Ölkəmizin yerləşdiyi region hələ daimi sülhdən uzaq olduğuna görə güclü ordunun mövcudluğu ölkəmizin həm də iqtisadi inkişafının qarantıdır. Könül istər ki, region dövlətləri sülh siyasəti həyata keçirsin və müharibə perspektivi də olmasın. Bu zaman ordunun gücləndirilməsinə sərf olunan vəsaitlər iqtisadi sahələrinin inkişaf etdirilməsinə yönləndirilə bilər.

Nəzərə alsaq ki, müasir silahların əksəri idxal olunur, bu sahəyə xərcləmələrin artması, eyni zamanda tədiyyə balansına da mənfi təsir edir. Bu istiqamətdə diqqət yetirilməli olan digər məsələ isə xərcləmələrin qənaətli, şəffaf və səmərəli surətdə həyata keçirilməsidir.

- Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün ilkin mərhələdə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Sizcə, bu məbləğlə ilkin olaraq hansı işlər görülə bilər?

- Qarabağın bərpasına yönəldiləcək 2.2 milyard manat ilkin olaraq idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllinə yönəldiləcək.

Burada ərazilərin minadan təmizlənməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təşkili, müdafiə və təhlükəsizlik infrasturukturunun qurulması, yol, enerji, kommunal infrastrukturların yaradılması, aeroportun tikilməsi və sair tədbirlər həyata keçiriləcək. Lakin hesab etməyək ki, Qarabağın bərpasına yönəldiləcək vəsait bu məbləğlə yekunlaşacaq. Özəl sektorun da işğaldan azad edilmiş ərazilərə marağı böyükdür.

Xüsusən də yeraltı təbii sərvətlərin istismarı, turizm, iaşə sektoru, kənd təsərrüfatının bir çox sahələri, o cümlədən bağçılıq, maldarlıq rəqabətqabiliyyətli və rentabelli sahələrdir. Təhlükəsizlik, infrastruktur problemləri həll olunduqca bu sektordan da əhəmiyyətli investisiyalara şahidlik edəcəyik.

Bundan əlavə, neft qiymətlərinin planlaşdırılan 40 dollardan yüksək olacağı təqdirdə (mən bunu yüksək ehtimalhesab edirəm), əlavə resursların da bərpa prosesinə yönəldiləcəyi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı