12 Mart 2021 09:05
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Forbes” jurnalının ən varlı şəxsləri siyahısına adları düşən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, evləri, şəxsi həyatları barədə araşdırmalar aparıb.

Araşdırmaları "Milyardların sahibi" rubrikasında təqdim edəcəyik.

Bu məqaləmiz dünyanın ən varlı şəxslərindən olan çinli milyarder, iş adamı Zonq Şanşana (Zhong Shanshan) həsr olunub.

Zonq Şanşan 1954-cü ilin dekabr ayında Çinin Hangzou şəhərində dünyaya gəlib. Çində mədəni inqilab (1966-1976-cı illər) dövründə valideynləri və bir çox mülki şəxslə birlikdə işgəncə və zülmlə üzləşib, təqib edildiyi üçün altıncı sinifdə məktəbi tərk edib.

Öz işini qurmazdan əvvəl inşaatçı, qəzet müxbiri, içki satıcısı kimi bir çox peşələrlə məşğul olub.

Başlanğıc uğuru

Onun əsas uğurunun arxasında iki şirkət dayanır.

Zonq Şanşan 1996-cı ilin sentyabrın 26-da “Nongfu Spring” (Nongfu Bulağı) adlı şirkətin təsisçisi və rəhbəridir. Şirkət ilk vaxtlar qablaşdırılmış mineral sular istehsalı edib. 2001-ci ildə “Nongfu Spring Co.” Ltd şirkətinə çevrilib.

İllər ərzində davamlı şəkildə inkişaf edən “Nongfu Spring” qablaşdırılmış su, çay və meyvə şirəsi bazarında Çinin ən böyük ilk üç istehsalçı olub.

Şirkət 2019-cu ildə 24 milyard yuan (3.4 milyard ABŞ dolları) gəlir əldə edib. Nəticədə “Nongfu Spring”in 2019-cu ildə 4.95 milyard yuan qazancı qeydə alınıb ki, bu da əvvəlki ildə 3.61 milyard yuan qazancdan 20.6 faiz artıqdır.

Böyük idman yarışlarına sponsorluq etmək “Nongfu Spring” marketinqinin xüsusiyyətinə çevrilib.

Hazırda şirkətin məhsul bazası qəhvə, çay içkiləri, meyvə məhsulları, qatıq, düyü daxil edilməklə genişləndirilib. Şirkət 2020-ci ilin martın 31-də açıqladığı məlumata əsasən, son üç ayda COVID-19 pandemiyası səbəbindən 2019-cu ilin analoji dövrü ilə müqayisədə gəlir və xalis mənfəətinin azaldığını elan edib.

"Beijing Wantai"

Zonq Şanşan 2020-ci ilin aprelində Şanxay Fond Birjasında qeydiyyata alınan “Beijing Wantai Bioloji” əczaçılıq şirkətinə də nəzarət edir. COVID-19 peyvəndi hazırlama mərhələsində olan əczaçılıq müəssisəsi ictimaiyyətə təqdim edildikdən sonra Çinin fond bazarındakı payı artıb. Bu dövrdə şirkətin səhmlərinin 2000 faiz artdığı deyilir.

Əczaçılıq müəssisəsi qeydiyyata alındıqdan üç ay sonra Zonqun “Nongfu Spring” şirkəti də Honq Konq Fond Birjasında qeydiyyata alınır və müəssisənin səhmləri 155 faizdən çox artır.

Son məlumatlara görə, 2021-ci ilin yanvarında Zonq "şəxsi səbəblərdən" dərman şirkəti “Beijing Wantai”nin idarə heyətindən ayrılıb.

“Yalquzaq” ləqəbi

İlk dəfə "Çinin ən varlı adamı" adını alan Zonq Şanşan 2020-ci ilin dekabrında "Asiyanın ən varlı adamı" olub. Həmin il sərvəti 7 milyard dollar artan Şanşan Çinin elektron ticarət nəhəngi olan “Alibaba”nın qurucusu Cek Meni və hindistanlı neft-kimya imperatoru Mukeş Ambanini geridə qoyub. Zonqun sərvəti Mukeş Ambanini sərvətindən təxminən 10 milyard dollar çoxdur.

“Bloomberg”in milyarderlər indeksinə görə, 2020-ci ildə Şanşanın sərvəti 1000 faizdən çox artaraq 6.8 milyard dollardan 78.2 milyard dollara yüksəlib. Beləliklə, “Yalquzaq” ləqəbli iş adamı dünyanın ən zəngin insanları arasında 11-ci yerə yüksəlib.

67 yaşlı milyarder sərvətini bir çox sahədən qazanıb. "Asiyanın ən varlı adamı" olmamışdan əvvəl media, kənd təsərrüfatı, xüsusən göbələk yetişdirmək və müxtəlif səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərlə uğur pillələrini qalxıb.

2021-ci ilin yanvarında amerikalı iş adamı, səhmdar investor və xeyriyyəçi Varren Edvard Baffettinin sərvətini ötən Zonq Şanşan dünyanın 6-cı ən varlı insanı olub.

“Forbes”in fevralda tərtib etdiyi milyarderlər siyahısına görə, Zonq Şanşan 93.8 milyard dollar sərvəti ilə dünyanın ən zəngin 7-ci insanıdır.

Şəxsi həyatı

Zonqun şəxsi həyatı haqqında çox az şey bilinir, dəbdəbəli xərcləmə və vərdişləri barədə məlumat yoxdur.

Zonq siyasətlə məşğul olmur, çox nadir hallarda kütlə qarşısına çıxır və mediaya açıqlama verir. Buna görə də o, “Yalquzaq” ləqəbi ilə tanınır . Çinin “The Paper” qəzetinin yazdığın görə, Zonq müsahibələrinin birində deyib: "Mən tək adamam, həmkarlarımın nə etdikləri və nə düşündüyü məni maraqlandırmır".

Bununla belə, bir neçə ailə üzvünün “Nongfu Spring” şirkətində pay sahibi olması barədə məlumatlar var. 432 milyon dollar dəyərində olan “Nongfu Spring”in 1,4 faizinə sahib olan arvadının böyük bacısı Lu Xiaovei də bura daxildir. İki qaynının hər birinin 428 milyon dollar dəyərində səhmləri var. Zonqun bacıları Zonq Xiaoviao və Zonq Xuanxuan birlikdə 642 milyon dollar dəyərində səhmə sahibdirlər.

Zonqun oğlu Zonq Şu Zi şirkətin icraçı direktoru olmasa da, siyahıya alınıb. Onun daha iki uşağının olduğu da deyilir.

Bəlkə də Zonqun tənha təbiəti onun təvazökar kökləri ilə əlaqəlidir...

Yaşadığı ev

Zonq Şanşan Çinin şərqində ticarət mərkəzi kimi tanınan təxminən 10 milyon insanın yaşadığı Hanqzou şəhərində yaşayır. Bura 2016-cı ilədək Cek Ma da daxil olmaqla ən az 32 milyarderin yaşadığı şəhərdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər