“Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər. Mərkəzi Bankın məlumatına görə, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlar və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədir: “Bu iqtisadi rayon üzrə orta kredit faizi 24.25 faizdir. Uyğun olaraq Dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır”.
Vüqar Bayramov deyir ki, Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir: “Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəşlərin verilməsi mexanizmdən istifadə oluna bilər”.