12 Aprel 2021 21:39
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal dolların buraxılması mümkündür. Bu barədə ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) sədri Cerom Pauel deyib. O bildirib ki, rəqəmsal dolların dövriyyəyə buraxılması imkanlarını araşdırır. Pauel hesab edir ki, ölkəsi nağd pul istifadəsinin azalması məsələsində bir çox ölkələrdən kəskin şəkildə fərqlənir. O düşünür ki, amerikalılar hələ də nağd puldan istifadə etməyi sevir, buna görə də bu məsələ ilə bağlı qərar ABŞ-dakı vəziyyətə uyğun veriləcək.

İqtisadçı Elman Sadıqov Teleqraf.com-a bildirib ki, hazırda dövriyyədə olan kriptovalyutalar bir testdir: “Kriptovalyutalar blokçeyn texnologiyaları vasitəsilə istehsal olunur. Hazırda blokçeyn texnologiyalarının iş prinsipləri, həm kriptovalyutaların istehsalı, sərf olunan maliyyə vəsaiti və effektliyi test olunur. Əvvəl-axır dünya nağdsız ödənişə keçəcək.

Nağdsız ödənişlərin keçmişə söykənən tarixi var. İlk mərhələdə pullarını banklarda saxlayan və yanında nağd pul daşımayan iş adamları çeklər yazırdı. Camaat həmin çeki bir-birinə verməklə borclarını ödəyirdilər, mal alırdılar və s. Nəhayətdə həmin çekləri banklardan nağdlaşdırmaq da olurdu. Bir də borclanma üçün veksel buraxırdılar. O veksellər də pul əvəzi dövr edirdi. Növbəti mərhələdə plastik kartlar buraxıldı və beləliklə bu kartlar vasitəsilə nağdsız hesablaşmalar aparıldı.

Hazırda elektron pulların istifadəsinə şahid oluruq. İstənilən valyutanın həm də elektron variantını buraxmaq olar. Hazırda Çin elektron yuan buraxmaq üzərində işləyir. Artıq yuanın elektron variantının hazır olduğunu demək olar. Dünya ölkələrinin əksər mərkəzi bankları öz milli valyutalarının elektron variantını buraxmaq üzərində fikirləşir”.

İqtisadçının sözlərinə görə, elektron pulların istehsalı üçün çox böyük maliyyə vəsaiti tələb olunmur: “Əksər inkişaf etmiş ölkələr elektron pullarını özləri çap edirlər. Amma inkişaf etməkdə olan ölkələr öz valyutalarını başqa dövlətlərdə sifariş verirlər. Bu zaman elektron valyutalar nisbətən yüksək maliyyə vəsaiti hesabına başa gəlir. Bütün dünyada kağız pullardan nağd ödəmələrdə geniş istifadə müəyyən problemlərə gətirib çıxarıb. Bu da nağdsız ödənişlər sahəsində olan əməliyyatların elektron dollarla olmasını şərtləndirir. Hələlik dünya o səviyyəyə çatmayıb ki, bütün kağız pulların əvəzinə elektron pul buraxsınlar. Çünki hələ həllini gözləyən məsələlər, problemlər çoxdur”.

Elman Sadıqov düşünür ki, elektron dolların buraxılması istiqamətində işlər davam etsə də, əvəzləmə məsələsi hələ yaxın günlərdə mümkün olmayacaq: “Yəni, nağd dollar yığılacaq, əvəzinə elektron dollar dövriyyəyə buraxılacaq. Nə dünya bu səviyyəyə çatıb, nə də Amerika dolların dünyada olan hökmranlığını itirmək istəməz. Bu bir riskdir. Bu halda ABŞ rezerv valyuta funksiyasını itirmiş olar. Bu baxımdan kağız dollardan imtina edib tamamilə rəqəmsal dollara keçidi mümkün hesab etmirəm.

Ola bilsin, dövriyyədə olan nağd dolların müəyyən bir faizini elektron dollar formasında buraxıb vəziyyəti test edəcəklər. Rəqəmsal dolların əhatə dairəsinin tədricən genişləndiriləcəyini düşünürəm. Hesab edirəm ki, real sektor elektron valyuta ilə ödəmə sisteminə tam hazır deyil.

Qəribə də olsa, hələlik rəqəmsal valyutaların buraxılışı və onun dövriyyəsinin maliyyəti kağız puldan çoxdur. Bu incə bir nüansdır. Rəqəmsal pulun dövriyyəsi şəffaflığı nə qədər artıracaq, iqtisadiyyata nə qədər əlavə dəyər qazandıracaq, iqtisadiyyatın hansı sektorlarında istifadəsi mümkündür, harada problemlər, gerilik yarada bilər və sair kimi məsələlər ətraflı hesablamalar tələb edir”.


Müəllif: Yeganə Oqtayqızı