16 İyun 2021 15:20
2 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyip Ərdoğan Şuşada keçirilən mətbuat konfransında “Türkiyə Petrolları” ilə SOCAR-ın üçüncü ölkəyə ortaq investisiya yatırılması məsələsini gündəmə gətirdi. Rəcəb Tayyip Ərdoğan bildirib ki, “Türkiyə Petrolları” başda olmaqla, bir çox türk şirkətlərinin Azərbaycanda mühüm investisiyaları var. "Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini Əliyevlə birlikdə müzakirə etdik, bunun üzərində işləyirik, işləyəcəyik” - Ərdoğan qeyd edib.

Üçüncü ölkənin hansı coğrafiyadan seçilməsi maraq doğurur.

Teleqraf.com-un məlumatına görə, SOCAR İdarə Heyəti sədrinin müavini Vaqif Əliyev açıqlamasında müştərək investisiya üçün yaxın coğrafiyada yerləşən ölkələrdən birinin ola biləcəyini deyib: “SOCAR və "Türk Petrol A.Ş." (TPAO) 1994-cü ildən bəri ortaq sərmayə qoyur. Əlbəttə, bunu davam etmək istəyirik. Ancaq ölkə hələ dəqiq deyil, qiymətləndirmələrimiz ola bilər. Sözügedən üçüncü ölkə yaxın coğrafiyadan bir yer olacaq. Məsələn, Sinqapur və ya Afrikadan söhbət gedə bilməz...”

Vaqif Əliyev investisiya gündəmində olan İzmir Aliağadakı ikinci neft-kimya zavodu haqqında da açıqlama verib: “İkinci neft-kimya zavoduna qoyulan investisiyanı son rübə təxirə salmışdıq. BP ilə işlər yaxşı gedirdi. Amma sonra BP açıqladı ki, bütün dünyada neft sektorunda sərmayə qoyuluşundan çıxır, bu səbəbdən investisiya planımızda dəyişiklik eləmək məcburiyyətində qaldıq”.


Müəllif: Yeganə Oqtayqızı