Prezident İlham Əliyevin Fərmanı ilə 1997-ci il avqustun 2-dək xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri birdəfəlik ödəmə ilə təmin olunacaq. Fərmana əsasən, Birinci Qarabağ Müharibəsində əlillik dərəcəsi alan vətəndaşlara birdəfəlik ödəmə həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sənədlə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq bəzi məsələlərə qısa aydınlıq gətirib.
Deputat qeyd edib ki, birdəfəlik ödəniş 1997-ci il avqustun 2-dək olan xidmət dövründə əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə veriləcək: “Birdəfəlik ödənişlərin məbləği I dərəcə əlilliyə görə – 8,8 min manat; II dərəcə əlilliyə görə – 6,6 min manat; III dərəcə əlilliyə görə – 4,4 min manat olacaq.
Birinci Qarabağ Müharibəsinin qazisi dünyasını dəyişibsə, onun vərəsələri də birdəfəlik ödəniş alacaq.
Ödənişin verilməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsul olacaq.
Təxminən 20 minədək vətəndaşımızın bu ödənişlərdən istifadə edəcəyi gözlənilir. Bu məqsədlə dövlət büdcəsindən 50 milyon manat ayrılacaq. Ödənişlər gələn ildən həyata keçiriləcək.
Artıq sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə bu fərman şamil edilmir.
Bütövlükdə, fərman Qarabağ qazilərimizin sosial təminatının daha da gücləndirilməsi istiqamətində yeni addım kimi dəyərləndirilir”.