11 Yanvar 2022 21:55
2 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcələrini digər ölkələrlə müqayisədə daha sürətlə artıracaq. Yanvarın 5-də FED-in faizləri yüksəldəcəyinə dair protokol yazısını mediaya təqdim etməsi, ardınca nüfuzlu beynəlxalq nəşrlərin dərc etdiyi yazılar dolların qiymətini indidən artırmağa başlayıb.

Maraqlıdır, FED-i sərt monetar siyasətə keçməyə vadar edən nədir? Proses emissiyada özünü necə göstərəcək?

İqtisadçı Elman Sadıqov Teleqraf.com-a bildirib ki, 2022-ci il ərzində FED-in ən azı üç dəfə faiz artımına gedəcəyi gözlənilir.

O bildirib ki, FED-in iclaslarının sayı çoxdur, amma üç iclasda artırması nəzərdə tutulur: “Ola bilsin uçot dərəcəsi hər dəfə 0.25 və yaxud da 0.5 % bəndi artırılsın. Ümumiyyətlə, FED 2024-cü iləcən 8 dəfəyə qədər artırılma, faiz dərəcəsini isə 3%-ə çatdırmağı nəzərdə tutur. Bu da hər dəfəyə təqribən 0,5 və ya 0,25 faiz bəndi düşür.

Hazırda dolların illik inflyasiya səviyyəsi 6.8%-dən yüksəkdir. Post-pandemiya dövrü üçün digər ölkələrə nisbətən ən sürətli iqtisadi inkişaf ABŞ-da oldu. İnflyasiyanın artması Amerikanı faiz dərəcələrini artırmağa məcbur edir.

Hesab olunur ki, bu, səhm, o cümlədən digər bazardakı vəsaitlərin yenidən banklara dönməsi ilə nəticələnəcək. Bir sözlə, FED-in faizləri artırmaq siyasəti dünyaya buraxdığı dolların bir hissəsini yenidən Amerikaya dönməsini istəyir. Bu, önəmli bir faktdır.

Digər tərəfdən Amerikanın “yaşıl enerji” ilə bağlı meqa layihələri var. Bu layihələrin icrasına 10 trilyon dollara yaxın pul tələb olunur. FED bu layihələrin icrasına pul buraxmağa o qədər də isti baxmır. Çünki əlavə pul buraxmaq yenidən inflyasiyanın artmasına gətirib çıxara bilər. Ona görə də FED-in növbəti 2-3 il ərzində siyasəti dolların bir hissəsini dünya maliyyə sistemindən ABŞ-a geri qaytarmaqdan ibarət olacaq. Bu da dünyada dolların daha da bahalaşmasına səbəb olacaq.

Dolların dəyər qazanması ixrac yönümlü iqtisadiyyatlar üçün önəmlidir. Çünki həmin ölkələrin milli valyutası nisbətən dəyərsizləşəndə, onların ixracları artacaq”.

Analitikə görə, FED-in faiz dərəcələrini artırmaq qərarı gözləniləndir: “Burada nisbətən gecikmələr və yaxud sürətli artım ola bilər. Hazırda ABŞ-da işsizlik səviyyəsi 4,2%-dir, bu, kifayət qədər normal hesab olunur. Hətta bəzi sahələrdə işçi çatışmır. Düşünürəm ki, 2022-ci ilin sonuna qədər FED faiz dərəcələrini 1-1.5 aralığına qədər artıracaq”.

İqtisadçının sözlərinə görə, dolların bahalaşması tək Azərbaycanın deyil, bütövlükdə qlobal neft bazarına təsiri olacaq: “Əgər dollar bahalaşarsa, qızıl, gümüş kimi əmtəə bazarında müəyyən enişlər yaşana bilər. Amma neft bazarında ziddiyyətli məqamlar var. Belə ki, pandemiya bitdikdən sonra neftə olan tələbat artacaq. Bu da “qara qızıl”ın qiymətinin artıra bilər. Amma dolların bahalaşması neft bazarında qiymətin artmasının qarşını ala bilər. Çünki inflyasiyaya qarşı bir mübarizə var və bunu yaradan səbəblərdən biri neft qiymətləridir. Ona görə də Amerika 2022-ci il ərzində enerji qiymətlərinin azalmasında maraqlı olacaq ki, inflyasiyanı tənzimləyə bilsin”.

Elman Sadıqov hesab edir ki, FED-in faiz dərəcəsini qaldırmasının manata birbaşa təsiri yoxdur: “Hazırda dolların faiz dərəcəsi sıfırdır, manat isə 7% ətrafındadır. Azərbaycanda faiz dərəcələri həmişə Amerikadan yüksək olub. Doların faiz dərəcəsinin artmasının dolayı təsirləri ola bilər. Əgər dolların faiz dərəcəsinin artımı neft bazarında cüzi və yaxud da nisbi qiymət azalması ilə deyil, kəskin düşüşlə nəticələnsə, yəni 1 barel neft 65 dollardan aşağı tədarük olunsa, o halda manat üçün ciddi bir təzyiq formalaşa bilər. Lakin neftin qiymətlərində kəskin eniş ehtimalı çox aşağıdır. Neft qiymətləri ilə bağlı yeni proqnozlar öncəkilərə nisbətən daha yüksəkdir. Çünki pandemiyadan sonra tələbin artacağı gözlənilir”.


Müəllif: Yeganə Oqtayqızı