“Azərbaycan neftinin bir bareli 100 dollardan baha satılır. Neftə tələbin artması Rusiya və Ukrayna gərginliyinin hələlik tam aradan qalxmaması və yoluxma sayının artmasına baxmayaraq qlobal pandemiyanın təsirləri ilə bağlı gözləntilərin nikbinləşməsi “qara qızılın” qiymətinə təsirsiz ötüşməyib. Bu gün "Brent"in 2 faiz dəyər itirməsinə baxmayaraq neftin qiyməti yüksək olaraq qalmaqdadır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, 2022-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub: “Bunun 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə isə ölkəmiz 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu, gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir.
2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir”.
Vüqar Bayramov hesab edir ki, neftin qiymətinin kəskin artımı neft bazarı üçün potensial risklər formalaşdırır: “Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir.
Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir.
Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet neft gəlirlərindən aşlılığı minimumlaşdırmaqdır”.