24 Fevral 2022 15:06
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal enerji keçidinin əsas elementlərindən biri "yaşıl hidrogen" yanacağıdır. Dünyanın inkişaf etmiş ölkələri enerji təhlükəsizliyi ilə bağlı yaşıl enerjiyə keçidi özlərinin prioritet sahəsi hesab edirlər.

Maraqlıdır, perspektivdə "yaşıl hidrogen"in nəqlində TANAP-ın imkanlarından istifadə edilə bilərmi?

TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol Teleqraf.com-un sualını cavablandırıb.

Baş direktor işçi qrupu çərçivəsində bu fəaliyyətləri davam etdirməyə çalışdıqlarını bildirib: “Xüsusilə təbii qaz boru kəmərlərinin hidrogenlə zənginləşdirərək “mavi yanacaq”la birgə nəqli məsələsi yeni tətbiq sahəsidir. Apardığımız araşdırmalar göstərir ki, çox da böyük xərc çəkmədən 2 faiz civarında bir hidrogen qarışığı (Hydrogen Blending) etmək mümkündür.

Təbii ki, bu məsələdə tərəflərin də razılıq vermələri lazımdır. Yəni bütün qaz alqı-satqısı müqavilələrində sintez qazının kompozisiyasına dair bəzi qarşılıqlı öhdəliklər var. Qaz kompozisiyasında tərəfdaşlıqlar dəyişəcəyi üçün alıcı və satıcı tərəfinin bu məsələdə razılaşması lazımdır.

Texnoloji imkanlar hazırda hidrogen qarışdırmağa imkan verir. Yəni artıq dünyada bu işlər mövcuddur. Amma hidrogenin qaz boru xətlərində tətbiq edilməsi üçün ortaya bir iradə qoymaq lazımdır. Biz bu ətrafda hazırlıqlarımızı davam etdiririk. Əgər həm alıcılar, həm satıcılar tərəfindən bu məsələdə ortaya iradə qoyarsa, edilə bilər. Hələlik dəqiq danışa bilmirəm”.

SOCAR-ın vitse-prezidentinin müavini və mətbuat katibi İbrahim Əhmədov isə bildirib ki, TAP Konsorsiumu bu istiqamətdə müəyyən araşdırmalar aparır: “Yəni onlar TAP boru kəməri vasitəsilə hansı nisbətdə hidrogenin ötürülməsinin mümkün olduğunu müəyyən etmək istəyirlər. Bunun üçün hazırda texnoloji araşdırma aparılmaqdadır. Yəni qəti fikir söyləmək mümkün deyil, düşünürəm ki, hələ erkəndir. Yaxın zamanda yəqin ki, bununla bağlı müəyyən planlar cızıla bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər