28 Mart 2022 16:49
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan təbii qaz asılılığını azaltmaq üçün mayeləşdirilmiş təbii qaz (LNG) alternativinə üz tutan Avropa, mövcud LNG terminallarından yarı tutumla istifadə edir.

Teleqraf.com xəbər verir ki, bunu “Gas Infrastructure Europe” ("Avropanın qaz infrastrukturu") açıqlayıb.

Bildirilir ki, ötən il dünyada 380 milyon ton LNG ticarəti həyata keçirilib. Bunun təxminən 80 milyon tonu Avropa tərəfindən alınıb.

Qlobal bazarda LNG-nin 70 faizi uzunmüddətli müqavilələr əsasında ixrac olunur. Buna görə də LNG-nin qalan 30 faizi spot bazarda ən yüksək təklifi verən ölkəyə satılır. İndiyədək LNG-dən aktiv şəkildə istifadə etməyən bir çox Avropa ölkələri bu variantı ciddi şəkildə nəzərdən keçirir.

Avropa LNG terminallarından tam gücü ilə istifadə etmir

Hazırda Avropadakı terminalların illik 150 milyon tona yaxın LNG alış gücü var. Halbuki 2019-cu ildə 85 milyon ton LNG idxal edən Avropa 2020-ci ildə 82 milyon LNG alıb.

Qaza olan tələbatının dörddə birini LNG kimi qarşılayan Avropa idxal imkanlarının yarıdan bir qədər çoxunu istifadə edir. Bu o deməkdir ki, təxminən 70-75 milyon ton ehtiyat gücü var.

Aİ ölkələrinin illik təbii qaz ehtiyacı ümumilikdə 340-350 milyard kubmetr arasında dəyişir. Ötən il Aİ ölkələri Rusiyadan boru kəmərləri vasitəsilə 140 milyard kubmetr qaz və 15 milyard kubmetr qazı LNG şəklində idxal ediblər. 2021-ci ildə Aİ-nin ümumi qaz istehlakının təxminən 40 faizi Rusiyadan gəlib.

Avropa ölkələri təbii qaz təchizatını diversifikasiya etmək üçün qarşıdakı dövrdə 26 yeni LNG terminalı tikməyi planlaşdırır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər