16 Aprel 2022 19:37
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 15-də “Azəristiliktəchizat” ASC-nin bu ili "Azəriqaz" İstehsalat Birliyinə 41 milyon manat debitor borcla başa vurması barədə xəbər vermişdik.

Eyni gün "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, səhmdar cəmiyyətin “Azəriqaz" İB-nə təxminən 14 milyon manat borcu var.

Maraqlıdır, iki qurum arasında fərqli borc məbləği nədən yaranıb?

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Teleqraf.com-a iki qurum arasında yaranmış borc fərqini izah edib.

O qeyd edib ki, 2022-ci ildə səhmdar cəmiyyət 20 milyon 274 min manatlıq təbii qazdan istifadə edib: “İstifadə olunan təbii qazın 5 milyon 833 manatı ödənilib. 2020-ci ildə istifadə olunmuş təbii qaza görə, "Azəristiliktəchizat"ın “Azəriqaz”a 14 milyon 440 manat yaranmış borcu var. Keçən ilin qalıq borcu 11 milyon 400 min manatdır. “Azəristiliktəchizat”ın rəqəmləri ilə “Azəriqaz”a ümumilikdə 25 milyon 840 min manat borcu var.

“Azəriqaz”ın dediyi 41 milyon manat borc mübahisəli rəqəmdir. Bu, təsdiq olunmayan köhnə dövrlərin borcudur. Bununla bağlı Energetika Nazirliyinin, “Azəriqaz”ın və "Azəristiliktəchizat"ın nümayəndələrinin iştirakı ilə birgə komissiya yaradılıb. Komissiyanın gəldiyi nəticədən asılı olaraq konkret rəqəmlər müəyyənləşdirilib qərar qəbul olunacaq”.

Rafiq Əliyev hesab edir ki, müzakirə olunan məsələ məhkəmə predmeti deyil: “Hər iki qurum dövlət strukturdur. Ümumi yaradılan işçi komissiya tərəfindən məsələ araşdırılır. Kimin əlində nə rəqəm var, ortaya qoyacaq, müzakirə olunub ortaq məxrəcə gəlinəcək”.


Müəllif: Yeganə Oqtayqızı