Bu gün Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında “Rusiya-Ukrayna müharibəsinin Aİ üçün iqtisadi və sosial nəticələri” mövzusunda keçirilən sessiyada Rusiyaya qarşı altıncı sanksiya paketi təqdim edilib.
Teleqraf.com xəbər verir ki, sessiyada Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen çıxış edib.
O, Rusiyaya qarşı həyata keçirilməsi planlaşdırılan yeni sanksiya paketinin məzmununu açıqlayıb:
“Paket çərçivəsində Buçada hərbi cinayətlər törətmiş və Mariupol şəhərinin mühasirəsində məsul olan yüksək rütbəli zabitləri və digər şəxsləri sanksiya siyahısına əlavə ediləcək.
Bundan əlavə, Rusiyanın ən böyük bankı olan “Sberbank”ı və daha iki böyük bankı SWIFT-dən çıxarırıq. Beləliklə, Rusiyanın maliyyə sistemində kritik əhəmiyyətə malik bankları hədəf alındı. Bu bankların SWIFT-dən çıxarılması ilə Rusiya maliyyə sektorunun qlobal sistemdən tam təcrid olunması təmin ediləcək”.
Rusiya dövlətinə aid 3 kanala yayım qadağası qoyacaqlarına diqqət çəkən fon der Leyen, bu qurumların kabel, peyk, internet və ya smartfon tətbiqləri ilə Aİ ölkələrində heç bir şəkildə fəaliyyət göstərməsinə icazə verilməyəcəyini vurğulayıb.
O, eyni zamanda Aİ liderlərinin Versal görüşündə Rusiyanın enerji asılılığına son qoymağa razılaşdıqlarını və kömürü 5-ci sanksiya paketinə daxil etdiklərini xatırladıb: “Biz Rusiya neftindən asılılığımızı həll edirik. Açıq desək, bu, asan olmayacaq. Bəzi üzv dövlətlər Rusiya neftindən asılıdır. İndi biz Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Bu, bütün dəniz və boru kəmərləri ilə daşınan xam və təmizlənmiş Rusiya neft məhsulları üçün tam bir idxal qadağası olacaq.
Alternativ tədarük yollarını təmin etməklə və qlobal bazarlara təsirini minimuma endirməklə Rusiya nefti müntəzəm və mərhələli şəkildə dayandırılacaq. Rusiyanın xam neft tədarükünü 6 ay ərzində, rafine edilmiş məhsul tədarükünü isə ilin sonuna qədər mərhələli olaraq dayandıracağıq. Bu addımlar Rusiya iqtisadiyyatına zərər verəcək.
Qeyd edək ki, Aİ artıq 5 sanksiya paketini qüvvəyə mindirib. Komissiyanın təklifinin qüvvəyə minməsi üçün üzv dövlətlər tərəfindən ratifikasiya edilməlidir.