3 İyun 2022 16:48
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi olaraq abonentlərin, vətəndaşların ayağına getmişik və biz buna borcluyuq.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Açıq qapı" aksiyası zamanı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

Qurum rəsmisi avqust ayının 4-dən etibarən indiyədək keçirilən “Açıq mikrofon” aksiyası ilə bağlı məlumatları media nümayəndələri ilə bölüşüb.

Onun sözlərinə görə, bu gün aksiya çərçivəsində 80-ci görüş baş tutub: “Çox böyük nəticədir ki, bu qısa müddət ərzində bu sayda aksiya keçirmişik. Keçirilən görüşlərin əksəriyyəti regionları əhatə edib. Biz abonentlərin, vətəndaşların ayağına getmişik və biz buna borcluyuq. Xidmət sahəsi olaraq biz, bütün bu fəaliyyətimizi özümüzə borc bilirik, bundan da şərəf duyuruq”.

Şöbə rəisi həmçinin sahibkarlarla keçirilən görüşlərdə çox ciddi nəticə əldə olunduğunu da mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

“Azəriqaz” İB-nin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov media nümayəndəsinin məhkəmə iddiaları ilə bağlı ünvanladığı sualını cavablandırıb. Qurum rəsmisinin sözlərinə görə, bir çox hallarda Birlik tərəfindən qaldırılan iddiaların təmin edilməməsinin səbəbləri ondan irəli gəlir ki, sahə üzrə münasibətləri tənzimləyən qanunvericilikdə boşluqlar var: “Yəni, biz təsbit edirik ki, dövlət yoxlaması nəticəsində sayğaca müdaxilə olunub və müvafiq qaydada aktlaşdırılıb və yaxud şəbəkəyə kənar qoşulma olub. Belə olan halda dəymiş zərər müəyyənləşdirilməlidir. Lakin bunun müəyyənləşdirilməsi ilə bağlı bir meyar yoxdur. Vaxtı ilə Sənaye və İnkişaf Nazirliyi tərəfindən qəbul edilmişdirsə, sonradan ləğv edildi. Normativ hüquqi aktların reyestrinə daxil edilmədi”.

Departament rəisi hesab edir ki, ötən ilki mövsümlə istehlakçının istifadə etdiyi qaz həcminə uyğunlaşdıraraq hesablanırsa, məhkəmə orqanları bununla bağlı bir meyarın olmadığı üçün özünün mülahizəsinə uyğun olaraq bəzi hallarda istehlakçının ödəniş qabiliyyətini nəzərə alaraq müvafiq qərar qəbul edir: “Bu da bizim qaldırdığımız iddiaların qismən həyata keçirilməsi deməkdir. Mübahisələndirilən məsələlər əsasən dəymiş zərərin ödənilməsi ilə bağlıdır”.


Müəllif: Yeganə Oqtayqızı